“Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla görüşdən öncə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, Soçidə oktyabrın 31-də əldə edilən razılaşmanın praktiki icrasından irəli gələn məsələlər ətrafında müzakirə aparıb. Aydın məsələdir ki, telefon söhbəti Qərbin təşəbbüsünün önünə keçmək istəyən Moskvanın Soçi bəyanatı üzrə irəliləyişə nail olmaq planına hesablanıb”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin arasında baş tutan telefon danışığını şərh edərkən deyib.
Onun sözlərinə görə, V.Putin bəzi məsələləri İ.Əliyevlə dəqiqləşdirdikdən sonra N.Paşinyanla müzakirə edəcək:
“Aydın məsələdir ki, geosiyasi vəziyyət bölgədə şərtləri müəyyən qədər dəyişib. Bunun nəticəsidir ki, hazırda nə sülh sazişi, nə sərhəd, nə də üçtərəfli razılaşmaların digər bəndləri üzrə ortaq məxrəcə gəlinə bilmir. Bununla belə, Rusiya vasitəçiliyini “diriltmək” üçün nəsə etməlidir.
Rusların mümkün təşəbbüslərindən biri Soçi bəyanatında qeyd olunan “Rusiyanın köməyi ilə Azərbaycan və Ermənistan arasında ictimai dialoqun yaradılması, etimadı möhkəmləndirmək üçün parlamentlərarası əlaqələrin qurulması” ilə bağlı ola bilər”.
Ekspertin sözlərinə görə, noyabrın 17-də Putinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Bakıya səfəri “etimad mühiti”nin yaradılması üçün müzakirələrin başlanmasına hesablanmışdı:
“Hərçənd “Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələlərinin müzakirə edildiyi” telefon söhbətində Əliyevin Qarabağda qanunsuz erməni silahlı dəstələrinin törətdiyi təxribatlara toxunduğu və erməni qoşunlarının çıxarılması öhdəliyinin icrasının vacibliyini irəli sürdüyü istisna deyil. Digər məsələlərin elə “etimad mühiti”nin yaradılmasının da müzakirə edilməsi bundan keçir”.
Turan Rzayev
Globalinfo.az