Peskov açıqladı: Putinin bu qərarı dünyanın taleyini dəyişəcək – Lakin…

Rusiya Prezidenti Vladimir Putinin 2030-cu ilədək növbəti prezident seçilmək üçün gələn ilin mart ayında seçkilərdə iştirak edəcəyi gözlənilir. Bu barədə Kremlin sözçüsü Dmitri Peskov Moskva beynəlxalq münasibətlər institutunun televiziya kanalına müsahibəsində deyib. O bildirib ki, Putin seçkilərdə iştirak etmək niyyətini hələ bildirməyib.

“Amma onun seçkilərdə iştirak edəcəyinə inanıram. Və qalib gələcəyinə şübhə etmirəm. Mən onun prezidentliyini davam eydirəcəyinə inanıram” – Peskov deyib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Rusiyada növbəti prezident seçkilərində hakim komandanın əsas namizədi yenə Vladimir Putin olacaq:

Tural İsmayılov

“Bunun onun son çıxışlarında verdiyi sətiraltı mesajlar da təsdiqləyir. Mövcud Rusiya-Ukrayna müharibəsinin davam etdiyi bir zamanda Kremlin varis məsələsini aktuallaşdıracağını gözləmək sadəlövhlük olardı. Bundan başqa, hakim komandanın içərisində Putinə alternativ də yoxdur.

Lakin bütün bunlara baxmayaraq Rusiyada prezident seçkilərinin bu dəfə daha gərgin atmosferdə keçəcəyini demək olar. Belə ki, Ukrayna müharibəsində Putinin verdiyi vədləri tuta bilməməsi, itkilərin sayının çox olması ona qarşı narazılıqları artırıb. Həm siyasi, həm də hərbi elita daxilində Putin əleyhdarlarının sayı günbəbün artır.

Hesab edirəm, bütün bunlara baxmayaraq Putin seçkilərə qatılacaq və Rusiyanın növbəti dəfə prezidenti seçiləcək”.

Turan Rzayev
Globalinfo.az