putin baki 12 scaled 1 900x477 2

Rusiya Prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan “Şimal-Cənub” dəhlizinin reallaşdırılmasını dəstəkləyir.

Rusiya lideri Prezident İlham Əliyevlə təmasda olduğunu, heç bir problem olmadığını qeyd edib.

“Bakı bu layihənin reallaşdırılmasına razıdır və onu perspektivli hesab edir”, – Putin söyləyib.

Rusiya prezidentinin Azərbaycanın mövqeyini vurğulamasına səbəb nədir? Putin bununla Bakıya və başqa mərkəzlərə hansı mesajı verir?

Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər çox praqmatik tərzdə inkişaf edir:

“Düzdür, məlum təyyarə qəzasından sonra soyuqluq oldu, münasibətlərdə korrektələr edildi. Bundan başqa, bəzi məhdudlaşdırıcı tədbirlər də həyata keçirildi. Lakin buna baxmayaraq, Azərbaycan ilə Rusiya arasında münasibətlər hər iki tərəf üçün həddən artıq əhəmiyyət kəsb edir.

Bildiyimiz kimi, Rusiya müharibə şəraitindədir və sanksiyalara məruz qalır. Digər tərəfdən, bir çox dəhlizlərin bloklanması Kremlin marağında deyil. Ona görə də Rusiya Azərbaycan ilə bütün kommunikasiyaların açıq olması mövzusunda həmişə razılığını bildirib. Hətta Rusiyanın ən ali rəhbərliyi Prezident İlham Əliyevə təşəkkür hissi ilə yanaşır.

Biz bilirik ki, iki lider tez-tez telefonla danışırlar. Bu da ikitərəfli münasibətlərin özünəməxsus lakmus kağızıdır. Çünki əgər liderlər arasında etimad və inam varsa, deməli, hər şey qaydasındadır.

Bu yaxınlarda İran Prezidenti Məsud Pezeşkian ABŞ-İsrail birliyi ilə müharibədə Bakının Tehranın yanında olduğunu bildirdi. Moskva da yaxşı başa düşür ki, Azərbaycan Rusiyanın durumundan istifadə etmir.

Tofiq Abbasov journalist 900x600 1
Tofiq Abbasov

Belə olduğu halda, biz həm də dünyanın qlobal iqtisadi böhran şəraitində olduğunu görürük. Hazırda bütün oyunçular, aktorlar alternativlər axtararlar. Rusiya yaxşı başa düşür ki, bizə bel bağlaya, güvənə bilər. Dövlət başçısında belə bir fikir var ki, sözümüz imzamızdır. Hesab edirəm, belə olduğu halda əlbəttə ki, bizim münasibətlərimizin təməli bir qədər də güclənir.

Həmçinin Rusiya daxilində bizə zidd olan dairələr də var. Rusiya Dövlət Dumasında anti-Azərbaycan çıxışları edirlər. Hətta bizim üzərimizə məsuliyyət qoyurlar. Əgər saymağa qalxsaq, Azərbaycanın balansı müsbət hal daşıyır. Yeri gələndə bəlkə də bizim qonşuların bizə borcu var, nəinki bizim onlara. Söhbət mənəvi borcdan gedir.

Fikrimcə, Kreml Azərbaycan amilini düşünərək, müəyyən edərək dəyərini verir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: