Kreml Putinlə danışan amerikalını qoruyacaqmı? – Peskov

Məşhur amerikalı jurnalist Taker Karlsonun Vladimir Putinlə müsahibə üçün Rusiya Federasiyasına səfəri həm Vaşinqton, həm də Moskvada böyük əks-səda doğurub.

Globalinfo.az xəbər verir ki, Kreml sözçüsü Dmitri Peskov Rusiya prezidentinin jurnalistə rus dilində müsahibə verdiyini açıqlayıb.

O, jurnalistin Putinlə müsahibəyə görə təhdidlərə məruz qalacağı təqdirdə Rusiya tərəfindən qorunacağına dair suala da cavab verib:

“Karlsonun bizim müdafiəmizə ehtiyacı olduğunu düşünmürəm. Məncə, o özünü qoruya biləcək gücdədir. ABŞ-da ağlı başında olmayanlarla yanaşı, məntiqli fikirlər deyənlər də var. Bu səbəbdən vəziyyəti izləyəcəyik.

Dünyada mümkün qədər çox insanın Rusiya prezidentinin fikirləri ilə tanış olması bizim üçün vacibdir. T.Karlsonun hadisələrə yanaşması digər anqlo-saksonlardan fərqlidir. Müsahibə cümə günü səhər Kremlin veb-saytında dərc olunacaq”.

Ayşən Mustafa
Globalinfo.az