Putini Krım körpüsündə nişan alıb, vuran hansı qüvvədir? – Gözəgörünməz provokator…

Krım körpüsünün vurulması ilə bağlı detallar, hücumun arxasında kimin dayandığı hələ də məlum deyil. Moskva məsələ ilə bağlı Kiyevi günahlandırır, ABŞ məsələnin arxasında dəqiq kimin olduğunun bəlli olmadığını deyir, Ukrayna isə bunu taxıl sövdələşməsinin dayandırılmasından sonra baş verən provokasiya adlandırır.

İki nəfərin öldüyü partlayışla bağlı Kreml xüsusi araşdırma aparılacağını qeyd etsə də, Kiyevi günahlandırmağa və dünyanın Krımda baş verən hadisəyə susduğuna görə qınamağa davam edir.

Bəs Putinin Krım körpüsündə səbrini sınağa çəkən, onu provokasiya edən hansı qüvvədir?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov məsələnin arxasında adı çəkilən hər üç tərəfin ola biləcəyini söyləyib:

“Krım körpüsünün vurulması bütün tərəflər üçün məqbul sayıla bilər. Həm Rusiya, həm Ukrayna, həm də üçüncü tərəflərin bundan istifadə etməyə çalışması mümkündür. Məsələ ilə bağlı konkret bir tərəfi günahlandırmaq doğru olmaz. Çünki körpünün kimin tərəfindən partladılması ilə bağlı detallar tam olaraq bəlli deyil. Hadisəni törətməkdə hansısa qüvvələrin əsas məqsədi Rusiyanın Krımla əlaqənin kəsilməsi ola bilər. Amma bu Rusiyanın işidirsə, beləliklə Ukraynaya növbəti artilleriya hücumları təşkil etmək üçün məsələdən yararlanması gözləniləndir. Rusiya Ukraynada qalib gəlmək üçün əlindən gələni etsə də, buna nail ola bilmir. Müharibə müddətində nüvə silahından başqa demək olar ki, bütün növ silahları sınaqdan keçirib. Ukrayna isə 2014-cü ildə işğal olunmuş bəzi ərazilər daxil, torpaqlarının müəyyən hissəsini artıq azad edə bilib”.

Samir Hümbətov

Politoloq Krım körpüsünün partladılmasının bir neçə məqsədə hesablana biləcəyini deyib:

“Bir ara Rusiya və Ukrayna arasında liderlər səviyyəsində görüşün keçirilə biləcəyi deyilirdi. O cümlədən bu yaxınlarda Vladimir Putinin Türkiyəyə səfəri gözlənilir. Ehtimal vardı ki, Zelenski də Ankaraya səfər etsin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə onlar arasında görüş təşkil edilsin. Amma Krım körpüsünün vurulması danışıqlarla bağlı ehtimalları sıfıra endirmiş oldu. Belə görünür ki, buna ümumiyyətlə imkan yaratmaq istəmirlər. Sözügedən hadisə müharibənin uzanmasına, həm Rusiyanı, həm də Ukraynanı tamamilə dizə gətirməyə hesablanıb.

Zamanla məsələnin arxasında əslində kimin dayandığı ortaya çıxacaq. Amma “Taxıl sazişi” ilə bağlı vəziyyət də körpünün partladılma səbəblərindən biri ola bilər”.

Ayşən Mustafa
Globalinfo.az