krim 1

Ukraynanın müdafiə naziri Mixail Fyodorov Krımın yaxın vaxtlarda adaya çevriləcəyini deyib. O bildirib ki, Rusiya üçün əsl “cəhənnəm” başlayır və bunun qarşısını ala bilməyəcəklər.

Bu bəyanat nə qədər realdır? Ukraynanın Krımı qaytarmaq imkanı varmı?

Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli deyib ki, ukraynalı nazirin Krımla bağlı açıqlaması müəyyən mənada reallığa söykənir:

“Məsələn, 2025-ci illə müqayisədə 2026-cı ildə Ukrayna dron istehsalını təxminən 300 faiz artırıb. Hazırda Ukrayna həm Rusiyanı Krımla birləşdirən Kerç körpüsünə, həm də yarımadaya gedən əsas logistika marşrutlarına raket və uzaqmənzilli dronlarla daimi zərbələr endirir. Kerç körpüsünün əvvəlki əhəmiyyəti xeyli azalıb. Eyni zamanda, Melitopol-Çonqar istiqamətindəki logistika xətti də davamlı hücumlara məruz qalır. Bu baxımdan Ukraynanın Krımın logistikasını ciddi şəkildə məhdudlaşdırdığı barədə fikirlər müəyyən qədər əsaslı görünür. Nəticədə yarımadada təchizat və hərbi fəaliyyət imkanları əvvəlki dövrlə müqayisədə xeyli çətinləşib”.

eziz elibeyli esas 900x600 1

Əziz Əlibəyli

Ekspert bildirib ki, Krımın tam şəkildə azad edilməsi daha mürəkkəb hərbi məsələdir:

“Bunun üçün təkcə uzaqmənzilli zərbələr kifayət etmir, əraziyə quru qoşunlarının daxil olması da tələb olunur. Ukraynanın genişmiqyaslı quru, yaxud dəniz desant əməliyyatı keçirmək imkanları isə ayrıca müzakirə mövzusudur. Digər tərəfdən, bölgədə çoxqatlı və güclü müdafiə xətləri qurulub, geniş istehkam sistemi yaradılıb. Məhz bu amillər Krımın hərbi yolla tam geri qaytarılmasını çətinləşdirən əsas faktorlar olaraq qalır”.

Qeyd edək ki, Krım 2014-cü ilin martında Rusiyanın nəzarətinə keçib.

Ləman İmran
Globalinfo.az

Paylaş: