Putin üçün misilsiz hədiyyə – “Həm reytinqini qaldıracaq, həm də…”

Rusiya-Ukrayna müharibəsinin ikinci ilinin tamamlanmasına saylı günlər qalıb. Danışıqlar masasındakı sükutu döyüş meydanındakı qanlı döyüşlər əvəz etməkdədir. Rusiya ordusu son olaraq Ukraynanın Donetsk vilayətinin Avdeyevka rayonunu nəzarətə götürüb.

Maraqlıdır, növbəti mərhələdə müharibənin taleyi necə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Turab Rzayev qeyd edib ki, Rusiyanın Avdeyevkaya daxil olması Ukrayna üçün təhlükəli haldır:

“Bunun arxasında duran səbəblərlə bağlı fərqli versiyalar var. Biri də budur ki, Ukrayna mövcud şəraiti qəsdən yaradıb. Yəni mesaj verir ki, Qərb dəstəyi dayandırarsa, rəsmi Kiyev geri çəkiləcək.

Digər bir versiya isə Ukrayna ordusunun lazımi qədər silah-sursat ehtiyatının olmaması ilə bağlıdır. Ukrayna Silahlı Qüvvələrinin keçmiş Baş komandanı general Valeri Zalujnı tələb edirdi ki, əks-hücum və müdafiə məqsədilə kifayət qədər silah ehtiyatı yığılmalıdır”.

Politoloq bildirib ki, Rusiyada keçiriləcək seçkilər ərəfəsində Avdeyevkanın tutulması Putin üçün misilsiz hədiyyə oldu:

“Rusiyanın belə irəliləyişi həm Putinin reytinqini artıracaq, həm də orduda əhvali-ruhiyyənin yüksəlməsinə səbəb olacaq. Lakin döyüşlər davam edir. ABŞ və Aİ tərəfindən Ukraynaya maliyyə yardımının ayrılması göstərir ki, Qərb Kiyevi tək qoymaq istəmir.

Rusiyada keçiriləcək prezident seçkilərində sürpriz olacağını düşünmürəm. Qərbdə isə dəyişiklik  istisna deyil. Donald Trampın hakimiyyətə gəlməsi Ukraynanın Rusiya qarşısında zəifləməsinə səbəb olacaq”.

Safura Bənnayeva
Globalinfo.az