Putin Monakonu lağa qoydu: “Kiçik dövlətdir…”

Rusiya prezidenti Vladimir Putin Kalininqraddakı Dünya Okeanı Muzeyinin Monakodakı muzeydən daha böyük olacağına dair verilən vədlərə təəccüblənməyib. Kreml rəhbəri əksinə, Monakonun özünün də çox kiçik olduğunu istehza və ironiya ilə diqqətə çatdırıb.

Globalinfo.az xəbər verir ki, Putin bu barədə Kalininqrad vilayətinin inkişafı ilə bağlı keçirilən müşavirədə fikir səsləndirib. Rusiya liderinə yeni muzey binasının tikintisinin gedişi barədə məlumat verilib. Onun 2024-cü ildə başa çatdırılmasının nəzərdə tutulduğu açıqlanıb.

Rusiya lideri Monakoda buna bənzər bir dəniz muzeyi olduğunu xatırladıb.  Rusiya baş nazirinin müavini Marat Xusnullin isə Prezidentə bildirib ki, Monakodakı muzey Kalininqradda inşa edilən memarlıq nümunəsi ilə müqayisədə daha kiçikdir. Putin isə gülümsəyərək Monakonun özünün də kiçik dövlət olduğunu deyib.

Rusiya Prezidentinin sözlərinə görə, belə bir muzeyə tələbat olacaq və regiona turist axını çoxalacaq.

Xatırladaq ki, Rusiyada sözügedən muzeyin tikintisi 2014-cü ildən aparılır. Tikintinin reallaşması üçün federal büdcədən pul ayrılıb.

Əliyar Xəlil,

Globalinfo.az