Putin-Lukaşenko görüşündə diqqət çəkən məqamlar – Sensasion razılıq

Rusiya Prezidenti Vladimir Putinlə Belarus rəhbəri Aleksandr Lukaşenko arasında Moskvada görüş keçirilir. Ötən gün bir araya gələn liderlər təxminən dörd saat davam edən danışıqlar aparıb.

Prezidentlər xüsusilə Ukraynadakı münaqişənin sülh yolu ilə həllini müzakirə ediblər. Putin Lukaşenkonun Kiyevlə İstanbul müqaviləsi layihəsinə qayıtmaq təklifi ilə razılaşıb. Bu gün keçirilən görüş isə mətbuata bağlı qapılar arxasında baş tutur.

Maraqlıdır, Putin və Lukaşenko hansı səbəbdən bir araya gəlib? Liderlər hansı məsələləri müzakirə edib?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, aydın məsələdir ki, Belarus Rusiyanın əsas tərəfdaşıdır:

“Aleksandr Lukaşenko Vladimir Putinin izni olmadan Ukrayna məsələsi ilə bağlı hansısa təşəbbüsə imza atacağına inanmıram. Ehtimal ki, Putin Ukrayna ilə müəyyən təmaslar qurmaq istəyir. Düşünürəm ki, Putinin niyyəti Ukraynada atəşkəsə nail olmaqdır. Çünki Rusiyanın ehtiyatları tükənir. Həmçinin Putin mayın 7-də and içərək səlahiyyətinin icrasına başlayacaq. Bundan sonra Rusiyada yeni hökumət qurulmalıdır. Nəzərə alaq ki, bu, Putinin sonuncu səlahiyyət müddətidir.

Александр Лукашенко и Владимир Путин

Putin artıq varisinin yolunu açmalıdır. Buna görə hökumət də bir qədər radikal dəyişiklər etməlidir. Rusiya kimi avtoritar bir ölkədə bu cür siyasi dəyişiklər daxili təlatümə yol açır. Dmitri Medvedev bundan illər öncə Moskvanın meri Yuri Lujkovu vəzifəsindən azad etdikdə şəhərdə kütləvi iğtişaşlar başlamışdı. Yəni Putin üçün hazırkı məqamda sakitlik lazımdır. Ehtimal ki, bu dəyişiklik ordu rəhbərliyindən yan keçməyəcək. Çünki həm müdafiə naziri Sergey Şoyqu, həm də Baş Qərargah rəisi Valeri Gerasimov Rusiyada ən çox tənqid edilən məmurlardır.

Putin həmişə bu cür təşəbbüsləri heç vaxt özbaşına vermir. Bunun üçün hər zaman Lukaşenkonu ortaya salır. Adi daxili məsələdə, “Vaqner”in qiyamı zamanı belə Putin Belarus prezidentini araya qatdı. Rusiya siyasi elitası ailədaxili məsələlərdə belə Lukaşenko ilə çalışır. Bunun üçün Ukrayna ilə bağlı təşəbbüsün məhz onun ağzından səsləndirilməsi təbiidir. Ancaq bu, Lukaşenkonun yox, Putinin istəyidir. İndi əsas məsələ Ukraynanın verəcəyi cavabdır. Həmçinin andiçmə mərasimindən sonra biz Rusiyada da kütləvi dəyişiklərin şahidi olacağıq”.

Turan Rzayev
Globalinfo.az