“Həbs oyunu”: Putin İrəvana gedir? – ABŞ hazırlıqlara başladı

Rusiya Prezidenti Vladimir Putinin Monqolustana səfəri ciddi müzakirələrə səbəb olub. Belə ki, rəsmi Ulan-Batorun Roma Statutunu qəbul etməsinə baxmayaraq Putini həbs etməməsi narazılıqlara səbəb olub. İddia edilir ki, Putin bundan cəsarətlənib Ermənistana da səfər edə bilər.

Rusiya liderinin Monqolustandan sonra Ermənistanda da həbs edilməməsi Roma Statutunu sıradan çıxara bilərmi?

Globalinfo.az-a danışan analitik Aqşin Kərimov deyib ki, Vladimir Putinin Ulan-Batora səfəri Rusiya, Monqolustan və Çin arasında strateji uyğunlaşmanı sinxronlaşdırmaq, ikitərəfli və üçtərəfli əlaqələri gücləndirməyi əks etdirən səhnə kimi yadda qaldı:

“Rusiya ilə Monqolustanın “Böyük Avrasiya Tərəfdaşlığı” iqtisadi təşəbbüsünü, Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü və Monqolustanın “Steppe Road” inkişaf planını dəstəkləyən bəyanatlar verməsi diqqət çəkdi. Bunlar vahid bir cəbhədə sinxronlaşdırılır ki, bu da Monqolustan-Rusiya-Çin İqtisadi Dəhliz proqramında özünü göstərir.

Belə nəhəng iqtisadi layihələr alternativ inkişaf tendensiyalarının da əhatəsini aşır və böyük gəlirlər gətirən mənbəyə çevrilir. Bunun qarşılığında Monqolustanın Roma Statutuna əsaslanaraq Vladimir Putini həbs etmək qərarını seçəcəyini gözləməyin özü əbəs idi.

Ancaq Monqolustanın Putini həbs etməməsi Rusiyanın beynəlxalq hüquq baxımından strateji oyunları dəyişdirmək imkanlarını göstərməyə bəhanə verir.

Yəni Putin göstərir ki, beynəlxalq hüquq işləmir və Rusiyanın regionda qurmaq istədiyi güc konsentrasiyası həmin hüququn sərhədlərini didib-dağıdır. Putin Rusiyanın Ukraynada apardığı hərbi hücum kampaniyasının Moskvaya qarşı çevrilmiş beynəlxalq hüquq taktikalarına öldürücü zərbə vurduğunu nümayiş etdirir”.

Ekspert deyib ki, Putin bunu strateji məqam kimi qiymətləndirməyə davam edərək Roma Statutuna qoşulan və Rusiya ilə əlaqələrə önəm verən digər ölkələrə də səfərlərə getməkdə maraqlıdır:

“Ancaq Putinin Ermənistana səfəri ilə əlaqədar dəqiq informasiyalar yoxdur, üstəlik bu səfər indi həm İrəvan, həm də Kreml üçün risklidir. Mən diqqəti başqa bir açıqlamaya yönəltməyə çalışacağam, o mənada ki, Qərbin özündə də Putinin İrəvana səfərinin dəstəklənməsinə haqq qazandırmaq tendensiyaları müşahidə oluna bilər.

Aqşin Kərimov

ABŞ Dövlət Departamentinin rəsmisi Metyu Miller Putinin Ulan-Batora səfərini şərh edərkən Monqolustanın xətrinə dəyməyəcək şəkildə mövqe səsləndirib. O bildirib: “Monqolustanın düşdüyü çətin vəziyyəti başa düşürük. Biz Monqolustanı dəstəkləməyə davam edəcəyik, lakin biz hesab edirik ki, onların beynəlxalq öhdəliklərini yerinə yetirməsi vacibdir”.

Mən bu bəyanatı Putinin gələcəkdə Ermənistana mümkün səfərinə ABŞ tərəfindən də hazırlıq görüldüyü məntiqi ilə izah edərdim. Bu məqamda ortaya sual çıxır: Putinin İrəvana səfəri ABŞ-ın hansı maraqları ilə uyğunluq təşkil edir?

Bu, dərin mətləblərin açılmasından, ABŞ ilə Rusiya arasında Cənubi Qafqazda mühüm sövdələşmə mayakı kimi gördüyü səhnələrin canlanmasından sonra təhlilə açıq mövzu kimi inkişaf edə bilər.

Situativ dəyərləndirməm belədir ki, ABŞ ilə Rusiya danışıqlar masasına əyləşmək üçün təcili irəliləyişlər qazanmağı hədəfləyirlər. Bu irəliləyişlərin dişləri Ermənistanın təhlükəsizliyini dişləyən aparata çevrilir. Amma indi fokus qrupları Putinin Ermənistana mümkün səfəri ilə əlaqədar beynəlxalq və regional nəbzləri yoxlamağa köklənib”.

Turan Rzayev
Globalinfo.az