Putin gözlənilmədən Türkiyəni hədəf aldı – İşğal mesajının sirri

Globalinfo.az politoloq Oqtay Qasımovla müsahibəsini təqdim edir:

– Rusiya Prezidenti Vladimir Putin deyib ki, Odessa rus şəhəridir və Türkiyədə yaxşı bilirlər ki, bütün Qara dəniz bölgəsi Rusiya-Osmanlı müharibələri nəticəsində Rusiyaya keçib. Bu fikirlər nə dərəcədə əsaslıdır?

– Vladimir Putin bu tipli fikirləri dəfələrlə səsləndirib. Rusiya bütün Qara dəniz sahillərini, Donbası, Krım yarımadasını, Odessaya qədər olan əraziləri özününkü hesab edir. Görünür, rəsmi Moskva hələ də tarixə əsaslanıb, başqa bir suveren ölkənin beynəlxalq səviyyədə tanınmış ərazilərinə iddia edir. Vladimir Putin Ukraynadakı planlarının başa çatmadığını, bir növ, nümayiş etdirmiş oldu.

– Bəs Türkiyəyə istinad edilməsi necə?

– Odessa şəhəri daxil olmaqla bütün Qara dəniz hövzəsi, Krım yarımadası 18-ci əsrin sonlarına qədər Osmanlı İmperiyasının tərkibində olub. 18-ci əsrin sonlarına, yəni Krımın işğalına qədər Qara dəniz “türk gölü” kimi qəbul edilib. Çar Rusiyası ilə Osmanlı arasında savaşlar nəticəsində ruslar Qara dənizi və qeyd olunan əraziləri işğal ediblər.

Vladimir Putinin Türkiyəyə istinadı tarixi baxımdan dəyərləndirilməlidir. Hazırkı münaqişədə rəsmi Ankaranın hər hansı rolundan söhbət getmir.

– Mövcud Rusiya-Ukrayna münaqişəsinə Türkiyənin nə kimi təsiri olacaq?

– Türkiyə beynəlxalq səviyyədə Rusiyaya tətbiq olunan sanksiyalara qoşulmayıb. Həm Rusiya, həm də Ukrayna ilə kifayət qədər normal münasibətləri var. Türkiyə beynəlxalq hüquqa hörmət edən dövlət kimi hər zaman açıq mətnlə Krımın, o cümlədən hazırda Rusiya işğalı altında olan ərazilərin Ukraynaya aid olduğunu söyləyir. Lakin rəsmi Ankaranın savaşa ciddi təsir imkanı olacağını düşünmürəm. Bu savaş Rusiya-Ukrayna savaşından çox, Qərb-ABŞ və Rusiya müharibəsi kimi dəyərləndirilməlidir. Müharibəni bitirən elə onu başladanlar olacaq.

Safura Bənnayeva
Globalinfo.az