Putin gizlətdiyi ailəsini “kölgədən” çıxarır – Rusiya elitası tranzit dönəmində

putinin qizlari

Keçən il Rusiya Prezidenti Vladimir Putinin qohumları “kölgədən” çıxmağa başlayıblar. Onların ictimaiyyətdə artan aktivliyi daha çox Ukraynanın işğalından sonra Rusiya siyasi elitasının həyatındakı dəyişikliklər və perspektivlərlə izah olunur.

Globalinfo.az illərdir Putinin gizli saxladığı, amma son dönəmlərdə bu gizlilikdən imtina edən qohumlarının niyə indi aktivləşməsi ilə bağlı Karnegi Fondunda dərc olunan yazını təqdim edir.

“Kölgədən” qrup formasında çıxış

2024-cü ilin yanvarında Rusiya KİV-ləri gözlənilməz formada “VKontakte”də Vladimir Putinin böyük qızı Mariya Vorontsovanın tibbdəki texnologiyalar barədə müsahibəsini aşkar etdi. Söhbətdə nə siyasət, nə Vorontsovanın ailəsi xatırladılırdı. Sadəcə söhbət elm, arzular haqqında gedirdi. Buna rəğmən müsahibə hətta Qərb mətbuatının da marağına səbəb oldu. İlk növbədə diqqət çəkən isə əvvəllər ictimaiyyət arasına çıxmayan Vorontsovanın birdən-birə görünməsi oldu.

Lakin Vorontsovanın aktivliyi bununla bitmədi. 2024-cü ilin yayında Vorontsova ilk dəfə Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda (PBİF – bundan sonra) çıxış etdi. Eyni tədbirdə spiker rolunda onun kiçik bacısı Katerina Tixonova da var idi. İlk dəfə olaraq Rusiya siyasi elitasının ən vacib tədbirlərindən birində eyni anda Rusiya prezidentinin iki qızı iştirak etmiş olurdu. Əvvəllər isə Tixonova yalnız bir dəfə – 2021-ci ildə forumda çıxış etmişdi, bacısı isə ümumiyyətlə bu tədbirlərə qatılmırdı.

Неуловимые дочери Путина оказались в центре внимания: как они выглядят сейчас? - Газета Вперед

Mariya Vorontsova və Katerina Tixonova

Eyni forumda ənənəvi dəyərlərin rolu barədə isə Anna Tsivileva çıxış etdi. O, hələ bir neçə il əvvəl Kemerova vilayətinin qubernatoru Sergey Tsivilevin həyat yoldaşı olan psixiatr və “Kolmar” daş kömür şirkətinin sahibi kimi tanınırdı. Lakin 2022-ci ildən sonra jurnalistlər müəyyən etdilər ki, Tsivileva Putinin əmisiqızıdır və bundan sonra onun karyerası sürətlə yüksəlməyə başladı.

2023-cü ilin əvvəlində Tsivileva Putinin dəvətiylə əvvəlcə Ukraynadakı Rusiya hərbçilərinə yardım göstərən Vətənin Müdafiəsi Fonduna rəhbərlik etdi. Fondun rəhbəri kimi prezidentlə görüşdü, ictimaiyyət qarşısına çıxdı və KİV-də göründü. Bir il sonra isə (PBİF-2024-dən dərhal sonra) Putin Müdafiə Nazirliyində təmizləmələrin getdiyi və Ukraynada müharibənin qızışdığı dönəmdə onu müdafiə nazirinin müavini təyin etdi. Bu əvvəllər heç vaxt dövlət idarəsi, müdafiə sferasında işləməmiş qadın üçün möhtəşəm karyera sıçrayışı idi. Bəlkə də bu təcrübəsizlik Tsivilevanın qışın əvvəlində Dumada DNK testi ilə axtarışa verilən Rusiya hərbçilərinin sayını açmasına kömək etdi. Onların sayı 48 min nəfər idi, halbuki Rusiya hakimiyyəti müharibədki bütün itkiləri gizlətməyə çalışırdı.

Və nəhayət, gimnast Alina Kabayeva. KİV-lərin araşdırmasına görə, Putinin iki uşağının anası olan Kabayeva keçən il “kölgədən” çıxdı. Əvvəllər nadir hallarda ictimaiyyət arasında görünən Kabayeva artıq yenidən mütəmadi olaraq regional TV-lərdə, sosial şəbəkələrdə özünün iştirakı olduğu çarxlar vasitəsilə görünməyə başlayıb. Səbəb isə Kabayevanın “Nebesnaya Qraçiya” akademiyasını yaratmasıdır. Hətta BRİKS oyunları, hansı ki Rusiya üçün Olimpiyadanın alternativi sayılır, burada Kabayevanın məktəbi ayrıca ölkə statusunda iştirak edirdi.

Akademiyaya öz qaydaları çərçivəsində yarış keçirmək, öz istəyi ilə idman adları verməyə icazə verilib. Halbuki dövlətin digər heç bir idman məktəbində belə üstünlük yoxdur. Kabayeva isə hətta ölkə xaricində – məsələn, Çin və Qətərdə böyük turnirlər keçirə bilir.

Putinin özü də artıq bu adamlar barədə son vaxtlar tez-tez danışmağa başlayıb.

Putinin qohumları niyə ictimailəşdirilir?

Putinin yaxın qohumları niyə ictimaiyyət arasında aktiv olmağa başlayıblar? Əlbəttə, bu suala dəqiq cavab yoxdur və ola da bilməz. Bunu yalnız Rusiya liderinin özü bilir. Lakin təsəvvür etmək çətindir ki, qohumlarının eyni anda publikada görünməsinə qərarı yalnız Putinin özü verib. Böyük ehtimallar Rusiya elitasının mövcud olduğu mühit dəyişməyə başlayıb və bu da prezidentin yaxınlarına kölgədən çıxmağa imkan yaradıb.

Putinin qızlarının çıxış etdiyi həmin PBİF təkcə onlarla yox, həm də Rusiya elitasının digər varislərinin də burada görünməsiylə diqqət çəkdi. Son illər məhz onlar sistemdə önəmli roy oynayırlar və bu da Rusiya avtoritarizminin yeni xətlərindən biridir.

tsivileva
Anna Tsivileva

Bir neçə misala baxaq. Nikol Patruşevin oğlu (Putinə ən yaxın güclərdən biri, Təhülkəsizlik Şurasının keçmiş katibi) Dmitri keçən il baş nazirin müavini oldu. Biznesmen Yuri Kovalçukun oğlu Boris Kovalçuk isə Hesablama Palatasına rəhbərlik etməyə başladı. Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenkonun oğlu Vladimir Kiriyenkoya ölkənin əsas sosial şəbəkəsi “VKontakte”nin rəhbərliyi verildi.

Putinin ailəsi xüsusi statusdan istifadə etsə də, eyni siyasi sistemin tərkib hissəsi olaraq qalır. Onun elmlə məşğul olan qızları, karyera quran qohumu, idman ulduzu olan Kabayeva Rusiya elitasının digər nümayəndələrinin qohumlarında olan ambisiyalardan məhrum deyillər. Yəni əgər Rottenberqlərin nümayəndəsi Roman Rottenberqə Rusiya xokkeyində mühüm vəzifə verilibsə, niyə olimpiya çempionu olan Kabayevaya akademiyasını inkişaf etdirməyə izn verilməsin?

Putinin yaxınlarının vəziyyəti aydındır ki, onların yanına prezidentə loyallığını nümayiş etdirməyə cəhd edən digər elita nümayəndələrini də çəkir. Məsələn, Kabayevə Putinin yaxını Yuri Kovalçukun “Milli Media Qrupu”nda illərlə işləyib. Onun akademiyasına isə 2 milyard rubl dəyərində ilk binanı isə məhz “Qazprom” verib. Putinin qızı Vorontsova isə özünün tibb biznesini – “Nomeko” kompaniyasını Kovalçuka məxsus “SOQAZ” sayəsində inkişaf etdirir. Tixonovanın rəhbərlik etdiyi İnnopraktika Fondu isə dövlət şirkətlərindən böyük kontraktlar alır. Müharibə şəraitində Rusiya prezidentinin ətrafı ilə istənilən kontakt xəzinədirsə, onun yaxınlarına kömək daha böyük məmnuniyyətdir. Bu dəstək onların prezident qohumu statusunu möhkəmləndirir və onlara daha böyük diqqət cəlb edir. Yəni onları kölgədən çıxarır. Nəhayət, Rusiya elitasının uşaqları əvvəl-axır hakimiyyətin tranziti ilə toqquşmalı olacaq.

Мать Кабаевой осталась без леопардового платья ради Алины
Alina Kabayeva

Bəli, müharibə bu mövzunu daha az sərt edib, amma Putindən sonrakı dövr haqqında məsələ heç yerə yoxa çıxmayıb və yaxın qohumlarının qarşısında daha sərt formada dayanır. Burada başlıca çətinlik odur ki, heç kim Putinin idarəçiliyinə nə qədər qaldığını və məhz necə bitəcəyini bilmir. Aydın deyil ki, hansı strategiya təhlükəsizdir – heç bir diqqət çəkmədən ölkənin sistemində səssiz iştirak, yoxsa digər elit qruplarla alyanslara daxil olub, publikada populyarlığı artırmaq.

Müharibə və tabu

Aydındır ki, Rusiya hakimiyyətinin uzun illər prezidentin yaxınlarını gizlətməyinin səbəblərindən biri onları xarici təzyiqlərdən qorumaq olub. Bəzi hallarda bu hətta yaxşı işləyib. “Wall Street Journal” qəzeti yazırdı ki, ABŞ hakimiyyəti müharibənin başlanmasından sonra Putinin aqressiv reaksiyasından qorxaraq Kabayevaya sanksiya tətbiq etmək istəməyib. İndi isə Qərblə qarşıdurmada geri dönülməsi mümkün olmayan nöqtə çoxdan keçilib. 2022-ci ildə artıq prezidentin ətrafındakı bütün qadınlar sanksiya altına düşmüşdülər. ABŞ hökuməti öz qərarında ilk dəfə olaraq Tixonova və Vorontsovanı Putinin qızları adlandırırdı. Britaniya hökuməti isə Tsivilevanı sanksiya siyahısına prezidentin qohumu kimi daxil edib.

Bununla belə Putinin yaxınlarının gizli həyatına əsas zərbə Ukrayna müharibəsi oldu. Bir tərəfdən siyasi elitaya təzyiqlə artdı, digər tərəfdən isə müharibə maskaları atmağa və ictimai qınaq narahatlığından xilas olmağa kömək etdi. Əlbəttə, Putinin əmisi qızının Müdafiə Nazirliyinə təyinatı korrupsiya kimi qəbul edilə bilər. Lakin bu, Qərblə qlobal qarşıdurma və Donbas şəhərlərinə hücumlar fonundan hansı əhəmiyyəti kəsb edir?

Bundan başqa Putinin qohumlarının uğurlarının Rusiya ictimaiyyətini nə qədər narahat etməsi də hələlik aydın deyil. Əgər hətta kimsə müharibə fonunda bundan narahat olsa belə, bunu bilmək çox çətindir. Kreml qarşısında nepotizm və maraq konfliktləri barədə məsələləri qoyan müstəqil institutlar, vətəndaş cəmiyyəti çoxdan dağıdılıb, onların qalıqları isə ölkə xaricindədir. Rusiyada qalan KİV-lər isə Putinin ailəsi haqqında çoxdan heç nə soruşmurlar.

Tahir Turan
Globalinfo.az