Putin dünyaya onun vasitəsilə mesaj verir

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev qeyd edib ki, Qərb raketlərinin Rusiyaya zərbələr endirməsi Moskvanın nüvə silahından istifadəsi üçün əsasdır:“Onlar bu addımla Rusiyanın dövlət siyasətinin əsasını təşkil edən 19-cu bəndin hərəkətə keçməsi riski ilə üzləşirlər. Çünki bu bənddə deyilir ki, Rusiya dövlətin mövcudluğuna təhlükə yarandıqda nüvə silahından istifadə edə bilər”.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Əhəd Məmmədli deyib ki, Rusiya Prezidenti Vladimir Putin beynəlxalq aləmə Dmitri Medvedev vasitəsilə mesaj verir:

“Rusiya dalana dirənəndə nüvə silahından istifadə edəcək. Bu zaman Qərbin daha çox itirəcəyini düşünürlər.

Ümumiyyətlə, Medvedevin sözlərində şantajla yanaşı həqiqət də var. Rəsmi Moskva qərb sərhədlərində NATO-nun varlığını istəmir. Rusiya ən çox atom bombalarına malik olan ölkədir. İnsan resursu və texnika baxımından da təcrübəlidir və bundan səmərəli istifadə etməyi bacarır. Ona görə də Qərb Medvedevin açıqlamasına ciddi yanaşmalıdır. Putin daha əvvəl də demişdi ki, Rusiyaya təhlükə olsa, nüvə silahından istifadə edə bilərlər”.

Safura Bənnayeva
Globalinfo.az