Vladimir Putin NATO silahları ilə Rusiya ərazisinə zərbələr endirilməsinə dair müzakirələrə “qlobal münaqişə istəyirsiniz?” təhdidi ilə cavab verib.
Putin bildirib ki, Ukrayna ordusu NATO-ya məxsus uzunmənzilli raketlərlə Rusiya ərazisini vura bilməz. Çünki uzunmənzilli raket zərbələri üçün fəzadan kəşfiyyat dəstəyi lazımdır. Eyni zamanda, bir çox sistemlər avtomatik raket atışı mexanizminə malikdir. Yəni bu sistemlərdən istifadə oluna bilməsi üçün Ukrayna hərbçilərinə ehtiyac belə yoxdur.
Putinin xəbərdarlığı nədən xəbər verir? Rusiya NATO-ya cavab verəcək?
Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, NATO-nun Rusiyaya hansısa fomada müdaxilə etmə imkanı azdır:
“Ümumiyyətlə, NATO Kremllə açıq qarşıdurmadan yayınır. Alyans başa düşür ki, Rusiya ilə birbaşa qarşıdurmaya getmək NATO-nu zəiflədə bilər. Bu proses onsuz da Alyansın daxilində qütbləşmə yaradıb.
Belə ki, hazırda Ukraynaya dəstək vermək istəyən ölkələr olduğu kimi, Rusiya ilə qarşıdurmadan yayınmaq istəyən ölkələr də var. Türkiyə özü də Rusiya ilə qarşıdurmada maraqlı deyil.
Hesab edirəm, proses qarşıdurma etabına keçməyəcək və mövcud gərginlik bir müddət qalacaq. Heç kəs genişmiqyaslı müharibə istəmir. Hər iki tərəf bundan ziyanlı çıxacaq”.
Turan Rzayev
Globalinfo.az