mehkeme 11

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında “Pulsuz hüquqi yardım haqqında” haqqında qanun layihəsi müzakirəyə çıxarılıb.

Globalinfo.az bildirir ki, qanun layihəsi 5 fəsil, 14 maddədən ibarətdir, insan və vətəndaş hüquq və azadlıqlarının, habelə onların qanuni maraqlarının müdafiəsi, habelə Azərbaycan Respublikasında pulsuz hüquqi yardımdan yararlanmaq hüququna malik şəxsləri keyfiyyətli hüquqi yardımla təmin etmək məqsədilə həmin şəxslərə göstərilən pulsuz hüquqi yardımın təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edəcək.

İlkin hüquqi yardım Azərbaycan Respublikasının normativ hüquqi aktları, dövlət orqanlarının (qurumlarının), bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələri, məhkəmədən kənar və məhkəmə qaydasında hüquqların həyata keçirilməsi və hüquq müdafiə üsulları barədə məlumatlandırma, ərizələrin, şikayətlərin və digər sənədlərin hazırlanmasına kömək göstərilməsi, habelə peşəkar hüquqi yardım anlayışına daxil olmayan digər yardım formalarıdır.

Peşəkar hüquqi yardım cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi, habelə zərərçəkən qismində tanınmış fiziki şəxsin təmsil edilməsi, xüsusi ittihamçıya, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə, insan alverinin qurbanına, inzibati qaydada tutulmuş şəxslərə hüquqi yardımın göstərilməsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin müdafiəsi, habelə inzibati xəta haqqında iş üzrə zərərçəkmiş fiziki şəxsin təmsil edilməsi, mülki işlər və inzibati mübahisələrə dair işlər üzrə şəxsin məhkəmədə təmsil edilməsi, habelə hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçi fiziki şəxsin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində, digər dövlət orqanlarında (qurumlarında) təmsil edilməsi və qeyd olunanlarla bağlı həmin şəxslərə hüquqi yardım göstərilməsidir.

Paraleqal dövlət büdcəsindən ayrılmış vəsait hesabına ilkin hüquqi yardım göstərən, Vəkillər Kollegiyasının üzvü olmayan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tədris-elm müəssisəsində paraleqalların ilkin hazırlığı üzrə təlimi müvəffəqiyyətlə başa vuraraq sertifikat alan və Vəkillər Kollegiyası tərəfindən təşkil olunan ixtisasartırma kurslarında mütəmadi olaraq iştirak edən ali təhsilli şəxslərdir.

“Ppro bono” hüquq xidməti pulsuz hüquqi yardım almaq hüququna malik olan şəxslərə ictimai fayda naminə ödəniş tələb edilmədən vəkillər tərəfindən ildə 30 saatdan az olmamaqla pulsuz hüquqi yardımın, habelə paraleqallar, vəkil köməkçiləri və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tədris-elm müəssisəsi və Vəkillər Kollegiyası ilə razılaşdırmaqla hüquqşünas kadrlar hazırlayan ali təhsil müəssisələrində hüquqşünas müəllimlərin rəhbərliyi və nəzarəti altında hüquq klinikaları tərəfindən ilkin hüquqi yardımın göstərilməsidir.

Bu Qanun vətəndaşların beynəlxalq təşkilatlarda, onların nümayəndəliklərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarında hüquqlarının müdafiəsi ilə bağlı işlərin görülməsinə şamil edilmir.

Ələt azad iqtisadi zonasında pulsuz hüquqi yardım sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənir.

Pulsuz hüquqi yardım göstərilməsinin prinsiplərinə pulsuz hüquqi yardıma ehtiyacı olan bütün şəxslərin hüquqlarının bərabərliyi, pulsuz hüquqi yardıma əlçatanlıq, pulsuz hüquqi yardım göstərən şəxslərin peşəkarlığı, pulsuz hüquqi yardımın operativliyi, keyfiyyəti və effektivliyi,konfidensiallıq, maraqlar toqquşmasının yolverilməzliyi daxildir.

Qanunla başqa hal nəzərdə tutulmadığı halda, pulsuz hüquqi yardım bu məqsədlə dövlət büdcəsindən Vəkillər Kollegiyasına ayrılmış vəsait hesabına həyata keçiriləcək.

Peşəkar hüquqi yardım almaq hüququna malik olan şəxslər aşağıdakılardır:

– hüquqi yardıma ehtiyacı olan, lakin göstərilən yardıma görə xidmət haqqını və digər xərcləri ödəmək üçün kifayət qədər vəsaiti olmayan (maddi vəziyyəti və orta aylıq gəliri cari il üçün yaşayış minimumundan aşağı olan) aztəminatlı şəxslər:

– ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri;

– əlilliyi olan işləməyən şəxslər;

– müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işsiz kimi qeydiyyatda olan şəxslər;

– hüquqi yardıma ehtiyacı olan digər şəxslər:

– şəhid ailələrinin üzvləri;

– müharibə veteranları;

– insan alverinin qurbanları, məişət zorakılığından zərər çəkmiş şəxslər;

– “Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslərin həvəsləndirilməsi və müdafiəsi haqqında” qanuna uyğun olaraq korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxslər;

– yetkinlik yaşına çatmayan şəxslər;

– qaçqın statusu almış şəxslər, Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslər;

– valideyn himayəsindən məhrum olmuş və valideyn himayəsindən məhrum olmuş uşaqların arasından olan şəxslər;

– cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslər (cəzaçəkmə müəssisəsindən azad edildiyi gündən 1 (bir) il müddətinə);

– üzərində probasiya nəzarəti həyata keçirilən şəxslər.

Həmin şəxslər pulsuz hüquqi yardım almaq hüququnu itirdikdə, müraciət olunan iş üzrə pulsuz hüquqi yardımın göstərilməsi dayandırılmır.

Peşəkar hüquqi yardımı ödəmək üçün kifayət qədər vəsaiti olmayan cinayət işləri üzrə şübhəli və ya təqsirləndirilən şəxslərə müdafiəçi tərəfindən, xüsusi ittihamçıya onun nümayəndəsi tərəfindən, insan alveri qurbanına, cinsi istismarın və ya cinsi zorakılığın qurbanı olan uşağa, məişət zorakılığından zərər çəkmiş şəxsə vəkil tərəfindən, habelə ölmüş zərər çəkmiş şəxsin hüquqi varisi qismində tanınmış şəxsə (zərər çəkmiş şəxsin yaxın qohumu və ya digər qohumu) vəkil tərəfindən Cinayət-Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.

Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilmiş şəxslərə, habelə inzibati mübahisələrə dair işlər üzrə məhkəmədə təmsil edilməsi ilə əlaqədar şəxslərə həmin Məcəlləyə və İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək. İnzibati qaydada tutulmuş şəxslərə, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxslərə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək. Hüquq və azadlıqlarının pozulması ilə bağlı şikayət vermiş ərizəçiyə Konstitusiya Məhkəməsində təmsil edilməsi ilə əlaqədar bu qanuna, “Konstitusiya Məhkəməsi haqqında” və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunlara uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına peşəkar hüquqi yardım göstəriləcək.

Pulsuz hüquqi yardım Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən təşkil ediləcək. Vəkillər Kollegiyası tərəfindən fəaliyyət göstərdikləri ərazilərə uyğun olaraq pulsuz hüquqi yardım göstərən şəxslərin reyestri aparılacaq. Pulsuz hüquqi yardım almaq hüququna malik şəxslər və ya onların qanuni nümayəndələri tərəfindən pulsuz hüquqi yardımın göstərilməsi məqsədilə təsdiqedici sənədlər (məlumatlar) əlavə olunmuş ərizə ilə şəxsən, poçt vasitəsi ilə, yaxud elektron qaydada Vəkillər Kollegiyasına müraciət olunacaq.

Pulsuz hüquqi yardımın göstərilməsi ilə əlaqədar fərdi qaydada fəaliyyət göstərən vəkilə və ya vəkil qurumlarına müraciət zamanı ixtisaslaşmış vasitəçilərin köməyinə ehtiyacı olan əlilliyi olan şəxslər dövlət büdcəsi vəsaiti hesabına ixtisaslaşmış vasitəçilərin (qiraətçilərin və peşəkar surdo tərcüməçilərin) xidmətləri ilə təmin ediləcəklər.

“Ppro bono” hüquq xidməti ilə bağlı tələbə riayət edilmədikdə vəkillər tərəfindən “pro bono” hüquq xidmətlərinin göstərilmədiyi hər saat üçün Vəkillər Kollegiyasına 18 (on səkkiz) manat məbləğində ödəniş ediləcək. Pulsuz hüquqi yardımın göstərilməsindən əsassız imtina olunması qadağandır.

Pulsuz hüquqi yardım almaq hüququna malik şəxslərə ilkin hüquqi yardım paraleqallar, vəkil köməkçiləri və ya vəkillər tərəfindən göstəriləcək. Hüquqi yardımla bağlı müraciətlər üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tədris-elm müəssisəsi və Vəkillər Kollegiyası ilə razılaşdırmaqla hüquqşünas kadrlar hazırlayan ali təhsil müəssisələrində hüquqşünas müəllimlərin rəhbərliyi və nəzarəti altında hüquq klinikaları tərəfindən ilkin hüquqi yardım göstərilə bilər. Məişət zorakılığından zərər çəkmiş şəxslərə dövlət yardım mərkəzləri tərəfindən dövlət tərəfindən zəmanət verilmiş həcmdə sosial-hüquqi xidmətlər göstəriləcək.

Paylaş: