“Şəfa Əliyev Komissiyanın əməkdaşı deyil” – AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məsuliyyətə cəlb edilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyevlə bağlı açıqlama yayıb.

Globalinfo.az xəbər verir ki, komissiya məsələ ilə bağlı açıqlama yayıb:

“Komissiyanın nəzdində 25 elm sahəsi üzrə 15 ekspert şurası fəaliyyət göstərir. Ekspert şuralarının fəaliyyəti müstəqildir və onların tərkibinə Komissiyanın əməkdaşları olmayan müxtəlif müəssisələrdən cəlb olunmuş ekspertlər daxil edilir. Hazırda ekspert şuralarının fəaliyyətinə elmi müəssisə və təşkilatlardan, ali təhsil müəssisələrindən müvafiq elm sahələri üzrə 300-dən çox yüksəkixtisaslı mütəxəssis-ekspert cəlb edilib. Ekspert şuralarının fəaliyyətinin səmərəliliyini artırmaq, o cümlədən çatışmazlıqların, neqativ halların qarşısını almaq məqsədilə onların tərkibi mütəmadi olaraq yenilənir.

Azərbaycan Respublikasının Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 12 iyul 2023-cü il tartixində dərc edilmiş məlumatda adı çəkilən iqtisad elmləri doktoru, professor Şəfa Əliyev Komissiyanın əməkdaşı deyil, Sumqayıt Dövlət Universitetinin professoru vəzifəsində çalışır və Komissiyanın Rəyasət Heyətinin 29 sentyabr 2020-ci il tarixli qərarı ilə İqtisad elmləri üzrə ekspert şurasının üzvü və elmi katibi təyin edilib.

Komissiya onun nüfuzuna xələl gətirə biləcək bu kimi neqativ halların müəyyən edilməsində maraqlıdır və konkret bu işin obyektiv araşdırılmasında müvafiq qurumlara lazımi dəstək göstərəcək”.

***

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri çərçivəsində Ali Attestasiya Komissiyasının İqtisad elmləri üzrə Ekspert şurasının üzvü – elmi katibi Şəfa Əliyevin qanunsuz əməlləri ifşa edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən Globalinfo.az-a verilən xəbərə görə, əməliyyat-istintaq tədbirləri ilə Şəfa Əliyevin işlədiyi qurumun vəzifəli şəxslərinin qərarlarına həqiqi təsir imkanlarından istifadə edərək müxtəlif şəxslərdən aldığı pul vəsaitləri müqabilində onlara elmi dərəcələrin verilməsinə nail olmasına və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı başlanmış cinayət işi üzrə toplanmış sübutlar əsasında Şəfa Əliyev Cinayət Məcəlləsinin 312-1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə – nüfuz alveri) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

Hazırda iş üzrə qanunazidd hərəkətlərə yol vermiş digər şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir