Prokurorluq orqanlarında işləmək istəyənlər üçün mühüm xəbər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 10-da keçiriləcək.

Globalinfo.az xəbər verir ki, Baş Prokurorluq tərəfindən prokurorluq orqanlarında qulluğa qəbulla bağlı cari ildə elan edilmiş müsabiqə üzrə sənədləri qəbul edilmiş namizədlər üçün test imtahanı Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə 10 oktyabr 2023-cü il tarixdə saat 10:00-dan və 15:00-dan başlayaraq 3 saat müddətində Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Nəsimi rayonu Abdulvahab Salamzadə küçəsi 28-də (8 Noyabr metrostansiyasının yanı, keçmiş Bakı Asiya Universitetinin binası) yerləşən inzibati binasında keçiriləcək.

Namizədlərin nəzərinə çatdırılır ki, test imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən qanunvericiliyə uyğun olaraq ödənişli keçiriləcəkdir. Ödəniş oktyabr ayının 3-də saat 09:00-dan etibarən oktyabrın 8-də saat 23:59-a qədər müddət ərzində Dövlət İmtahan Mərkəzinin rəsmi internet səhifəsinə (https://exidmet.dim.gov.az/elimt/ProkurorluqTest) daxil olaraq həyata keçirilməlidir.

Namizədin həmin tarixdə imtahanda hansı saatda iştirak etməli olduğu barədə məlumat onun tərəfindən ödəniş həyata keçirilərkən təqdim ediləcək elektron bildirişdə göstəriləcək.

Müsabiqədə iştirak edəcək namizədlər buraxılış rejiminin vaxtında həyata keçirilməsi üçün imtahana 1 saat əvvəl gəlməli və şəxsiyyət vəsiqəsinin əslini təqdim etməlidirlər.

İmtahan kompüterlər vasitəsilə elektron qaydada keçiriləcək və imtahan bitdikdən sonra namizədə əldə etdiyi nəticə barədə arayış təqdim olunacaq.

İmtahanın keçirilməsi qaydalarına dair məlumat “Yaddaş kitabçası”nda əks olunacaq. Namizədlərin “Yaddaş kitabçası” (yüklə) və test imtahanında kompüterdən istifadəyə dair Təlimatla (yüklə) tanış olmaları zəruridir.

Test tapşırıqlarının hazırlanmasında istifadə edilmiş qanunların və digər normativ hüquqi aktların siyahısı 01 sentyabr 2023-cü il tarixdə Baş

Prokurorluğun internet səhifəsində (www.genprosecutor.gov.az) yerləşdirilib.

Əlavə məlumat almaq üçün 437-28-56, 361-00-78, 361-00-79, 361-00-80 nömrəli telefonlar vasitəsilə müraciət etmək olar.