Prokuror gənc cüdoçunu öldürənə ağır cəza istədi

Prokuror Şağan olimpiya idman kompleksində gənc cüdoçu Turan Rüstəmovu qətlə yetirməkdə təqsirləndirilən Ruslan Səfixanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə çıxışı zamanı deyib.

Qeyd edək ki, hadisə ötən ilin noyabrında Xəzər rayonu Şağan qəsəbəsində yerləşən idman arenasında baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2002-ci il təvəllüdlü R.Səfixanov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Yevlax rayon sakini, 2006-cı il təvəllüdlü T.Rüstəmova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

R.Səfixanova qarşı Cinayət Məcəlləsinin 120.2.2 (qəsdən adam öldürmə, xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub.