Priqojinin müəmmalı ölümü: hökm Kremldən verilib, yoxsa Qərbdən? – Ekspertlər detalları açdı

“Vaqner” silahlı qruplaşmasının rəhbəri Yevgeni Priqojinin təyyarə qəzasında öldüyü xəbəri dünya informasiya məkanında bomba effekti yaradıb. Onun olduğu təyyarə Moskvadan Sankt-Peterburqa uçarkən Tver vilayətində qəzaya uğrayıb. Qəzadan öncə təyyarədə ardıcıl iki güclü partlayış olduğunu əks etdirən görüntülər var. Qəza zamanı təyyarənin göyərtəsində olan 10 nəfərin hamısının öldüyü bildirilir.

İndi bütün dünyada iki sual öz cavabını gözləyir: Priqojinin ölüm əmri Rusiya Prezidenti Vladimir Putindən gəlib, yoxsa onun hökmünü Qərb xüsusi xidmət orqanları verib?

Qabil Hüseynli

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Priqojinin öldürüləcəyi bəlli idi:

“Priqojin qiyamsonrası çox müzakirə edildi. Bu qiyamı şou kimi adlandıranlar da oldu, gerçək dəyərləndirənlər də. Lakin bu hadisə onu deməyə əsas verir ki, Priqojin Kremlin əmirlərini dinləmirdi.
Priqojin Putinin ən yaxın dostu, qara qutusu idi. Görünür bu onu səhv yola sürükləyib. Adətən belə insanlar özlərini toxunulmaz hesab edir. Bir müddət sonra isə iqtidara iddia etməyə başlayırlar.
Priqojin də bu yolu getdi. Lakin unutdu ki, Putin xəyanəti bağışlamır. Putin üçün insanları aradan götürən Priqojin özü də yekunda qurban oldu. Priqojinin ən yaxın adamlarından birinin ölməsi ondan xəbər verir ki, Kreml intiqam riskini nəzərə alaraq məsələni birdəfəlik həll edib”.

Kənan Novruzov

Siyasi şərhçi Kənan Novruzov Globalinfo.az-a bildirib ki, sözügedən təyyarə qəzasının təfərrüatları, o cümlədən “Vaqner” xüsusi hərbi təşkilatının rəhbəri Yevgeni Priqojinin həqiqətən öldürülməsi hələ məlum deyil:

“Bir çox ssenarilər mümkündür. Priqojini Kremlin aradan götürməsi də prinsip etibarilə istisna deyil. Hərçənd bunu ABŞ və ya Ukrayna da edə bilər. Son günlər “Vaqner” rəhbərinin Afrikaya getməsi və orada yeni qoşun yığması barədə məlumat var idi.

Təyyarə qəzasının Ukraynanın müstəqillik günündən bir gün əvvəl olması diqqət çəkir. Bunun təsadüf olduğunu düşünmürəm. Amma dediyim kimi, bir çox detal hələ məlum deyil. Yəqin ki, qarşıdakı saat və günlərdə məsələ qismən də olsa aydınlanacaq.

Priqojinin bu cür öldürülməsi əslində Kremlə sərf etmir. Rusiya bunu başqa cür, daha səssiz də edə bilərdi. Hazırkı ssenari isə daha çox rəsmi Moskvaya meydan oxumaq ritorikasıdır.

Yəqin ki, Kreml məsələyə münasibət bildirməyə tələsməyəcək. Ukrayna rəsmiləri isə əksinə, hadisəni qabardacaqlar.

Əgər Priqojinə, həqiqətən, sui-qəsd olubsa, onda prosesin davamı da gələ bilər. Ancaq dediyim kimi, biz hələ buna əmin deyilik”.

Tural İsmayılov

Politoloq Tural İsmayılov isə hesab edir ki, Priqojinin öldürülməsi ssenari ola bilər:

“Hazırda üç əsas versiya aktualdır:

Birinci versiya belədir ki, Priqojin Kreml tərəfindən aradan götürülüb. Belə ki, son zamanlar Priqojin Rusiya mərkəzi komandanlığı ilə olduğu kimi ali hakimiyyətlə də fikir ayrılığı yaşayırdı. Bu isə Kremldəki dairələr tərəfindən narahatlıqla qarşılanırdı. Bu mənada onun məhz bu qüvvələr tərəfindən öldürülməsi mümkündür.

İkinci versiya Priqojinin Qərb tərəfindən öldürülməsidir. Bu da mümkün versiyadır. Çünki “Vaqner”in Belarusa cəmləşməyi və Polşaya açıq şəkildə təhdid yaratması Qərbdə narahatlıqla izlənirdi. Bu həm də Rusiya-Ukrayna müharibəsinin daha geniş coğrafiyaya yayılması demək idi. Qərb bu ehtimalları nəzərə alıb onu aradan götürə bilər.

Üçüncü isə Priqojinin ölməmiş də ola bilər. Məsələ ondadır ki, onun birdən-birə belə bir uçuş gerçəkləşdirməsi və müəmmalı ölümü diqqət çəkir. Kremlin Priqojinlə bağlı mühüm planlarının olduğu da bəllidir. Yəni onu öldü kimi göstərib, reallıqda daha böyük planın reallaşdırılmasına çalışılması mümkündür.

Nəticə etibarilə hər üç versiya da məntiqlidir”.

Turab Rzayev

Siyasi şərhçi Turab Rzayevin sözlərinə görə isə Priqojinin üsyanından sonra aradan götürülməsi gözlənilirdi:

“Rusiyada mərkəzi hakimiyyətə qarşı çıxan şəxslər bu və ya başqa formada müəmmalı şəkildə ölür. Ya pəncərədən yıxılır, ya avtomobil qəzası keçirir, ya ürəktutmadan ölür, ya da bu hadisədə olduğu kimi, təyyarə qəzasına düşür. Amma reallıq odur ki, bütün bu qətllərin sifarişi Kremldən gəlir.

Düşünmürəm ki, Priqojin öləndən sonra “Vaqner” başsız qalacaq. Kreml Priqojindən daha sadiq bir kadrı “Vaqner”in başına gətirəcək”.

Turan Rzayev
Globalinfo.az