Priqojindən sonra onun da qələmi qırıldı – Putinin sadiq adamını kim aradan götürür?

Son günlər Çeçenistan lideri Ramzan Kadırovun səhhətinin yaxşı olmadığı, hətta öldüyü xəbərləri tirajlanır. O, video paylaşaraq sağ olduğunu bildirsə də, iddialar səngimir. “Exo Moskva”nın keçmiş baş redaktoru Aleksey Venediktov deyib ki, Kadırovun böyrəklərində problem var.

“Vaqner”in təsisçisi Yevgeni Priqojinin təyyarə qəzasında müəmmalı şəkildə həyatını itirməsindən sonra Kremldə qələmi qırılan növbəti şəxsin Ramzan Kadırov olduğu deyilir.

Maraqlıdır, bu iddialar nə dərəcədə doğrudur? Priqojindən sonra Kadırov da müəmmalı şəkildə həyatını itirəcək? Kadırov öləcəyi təqdirdə Çeçenistanı hansı aqibət gözləyir? ABŞ prosesə müdaxilə edib, Kremli Şimali Qafqazdanda çıxarmaq istəyəcək?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, ayrı-ayrı ölkələrin, o cümlədən Ukrayna kəşfiyyatının yaydığı məlumatları hər şeydən əvvəl informasiya müharibəsinin tərkib hissəsi kimi qiymətləndirməliyik:

“Müxtəlif kəşfiyyat orqanları bu cür xəbərlərlə ictimai rəyi formalaşdırmağa çalışırlar, amma əlbəttə, deyilənlərin həqiqət olması da mümkündür. Məlumdur ki, Rusiya ordusu daxilən parçalanıb. Əvvəllər üç qrup var idi: Rusiya Silahlı Qüvvələri, Çeçenistan rəhbəri Ramzan Kadırova tabe olan qüvvələr və “Vaqner” xüsusi hərbi təşkilatı. Bu, sözsüz ki, orduda xaosa səbəb olur, vahid qərarın qəbul olunmasına və icrasına əngəl yaradırdı.

Yevgeni Priqojinin ölümündən sonra sonuncu qrup, demək olar, sırada çıxdı və ya çıxarıldı. Bu məntiqlə növbənin Kadırova çatması mümkündür. Lakin onu da nəzərə almaq lazımdır ki, Priqojindən fərqli olaraq Kadırov Kremlə qarşı çıxmır, əksinə, Rusiya hakimiyyətinin qərarlarını dəstəkləyir. Deməli, Kadırovun öldürülməsini üçüncü qüvvələr də istəyə bilər. Onlar bu yolla Rusiya Prezidenti Vladimir Putini zəiflətməyə çalışır.

Kənan Novruzov

Kadırovla bağlı planın hazır olması istisna deyil, lakin icrası vaxt ala bilər. Bir müddət sonra onun qəfil ölümü, zəhərlənməsi ya da təyyarə qəzasına düşməsi barədə məlumat oxuya bilərik. Sui-qəsd ehtimalı da var. Bunlar sadəcə versiyadır. Sözsüz ki, həmin məlumatlar manipulyasiya xarakterli də ola bilər.

Kadırov aradan götürüləcəyi təqdirdə Çeçenistanın taleyinin necə olacağını demək çətindir. Ölkənin federal subyekt kimi Rusiyanın nəzarətinə keçməsi və ya Qərbin prosesdən öz maraqları üçün istifadə etməsi mümkündür, amma Putinin hakimiyyətə başqa birini gətirəcəyinə inanmıram”.

Turan Rzayev
Globalinfo.az