Prezidentliyə namizədlər seçki sıralamasından razıdırlarmı?

7 fevral 2024-cü il tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Bu seçkidə namizədliyi hakim Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyev, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc, siyasətçi Fuad Əliyev, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının rəhbəri Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev iştirak etdi.

Keçmiş namizrələr seçkidən sonra açıqlanan sıralamadan razıdırlarmı?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Fazil Mustafa deyib ki, ümumiyyətlə, seçkilərin təxribat olmadan baş tutması hamı üçün sevindirici haldır.

Onun sözlərinə görə, xalqın prezidentə olan münasibətini hər kəs bilir:

Fazil Mustafa

“Qarabağı azad etmiş İlham Əliyevə xalq öz münasibətini göstərdi və o, yüksək faizlə yenidən prezident seçildi. Açığı, bu prosesdə iştirak etməyimiz sıralamada hansı yer tutmaq uğrunda mübarizə aparmaq deyildi. Fikirlərin, ideyaların mübarizəsi oldu. Diqqət etmisinizsə mənim bütün çıxışlarım konseptual, bəlli bir gələcəyə yönəli ideyaların Azərbaycan cəmiyyətinə çatdırılması idi. Sıralamanı biz müəyyən etmirik, xalq öz seçimi ilə müəyyən edir. Ona görə də, xalqın verdiyi qərara hörmətlə yanaşmaq lazımdır”.

Deputat deyib ki, bu məsələdə kiminsə razı olub-olmaması önəmli deyil:

“Əsas məsələ xalqın iradəsidir. Biz də bu iradəni özümüzün müəyyən dərəcədə siyasət anlayışımıza görə birmənalı şəkildə qəbul edirik. Hesab edirəm ki, baş tutan seçkilər millətimizə, xalqımıza uğurlu, yeni dövrün müəyyən reallıqlarını əks etdirən seçkilər kimi yaddaşlarda qalacaq və Azərbaycanda yeniləşmə, islahatlar prosesinin başlanğıcı olacaq”.

Elşad Musayev isə ölkəmizin taleyində çox əhəmiyyətli bir hadisənin baş verdiyini qeyd edib:

Elşad Musayev

“Çoxları bunu istəməsə də, amma biz növbədənkənar prezident seçkilərini uğurla həyata keçirə bildik. Ölkə kənarında müəyyən qüvvələr var ki, Azərbaycanın normal seçkilər keçirməsini, yeni hakimiyyətin formalaşmasını istəmirdi. Bütün bunlara baxmayaraq, biz yenə də prezident seçkilərini uğurla həyata keçirə bildik və yeni prezident seçildi. Bu münasibətlə də ölkə prezidenti İlham Əliyevi partiya olaraq öz adımızdan təbrik etdik”.

E.Musayev sıralamanın əhəmiyyət kəsb etmədiyini bildirib:

“Çünki əsas kimin seçilməsidir. İkinci də bizim məqsədimiz həm də siyasi partiya olaraq təbliğat imkanlarından istifadə eləməkdir. Bölgələrdə, xalqımızın arasında oluq. Ona görə bu sıralamanı vacib hesab etmirik. Amma etiraf edim ki, real olaraq biz özümüzü birinci deyil, ikinci gördüyümüz üçün də sıralamanı əhəmiyyətsiz bilirik. Əsas kimin seçilməsi, ölkədə demokratik seçkiləri həyata keçirməkdir. Hesab edirik ki, növbəti parlament və bələdiyyə seçkilərini yüksək səviyyədə keçirməliyik. Ən əsası, ölkədə hakimiyyət dəyişikliyi seçkilər yolu ilə olmaldır”.

Xatırladaq ki, Prezident İlham Əliyev – 92,05 faiz (4 281 625 səs);
– Zahid Oruc – 2,19 faiz;
– Fazil Mustafa – 2 faiz;
– Qüdrət Həsənquliyev – 1,76 faiz;
– Razi Nurullayev – 0,8 faiz;
– Elşad Musayev – 0,67 faiz;
– Fuad Əliyev isə 0,53 faiz səs toplayıb.

Zaira Akifqızı
Globalinfo.az