Prezidentin xüsusi nümayəndəsi sülh ssenarisini və Bakının şərtlərini açdı – “Əgər Ermənistan…”

“Elçin Əmirbəyovun “Adnkronos” xəbər agentliyinə verdiyi müsahibədə qeyd etdikləri diqqət çəkir. Xüsusilə də onun “Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması ancaq İrəvan hökumətinin sülh prosesində öz iştirakını imitasiya etməyi dayandıracağı, Azərbaycanın bir il əvvəl təqdim etdiyi və beynəlxalq hüququn beş əsas prinsipinə əsaslanan layihə üzərində konstruktiv şəkildə məşğul olacağı halda mümkün olacaq” sözləri rəsmi Bakının mövqeyini, habelə gələcək perspektivdə hədəfini aydınlaşdırır”.

Elçin Əmirbəyov 

Bu sözləri Globalinfo.az-a politoloq Qədir Aslan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun İtaliyaya işgüzar səfəri zamanı adıçəkilən ölkənin “Adnkronos” xəbər agentliyinə verdiyi müsahibəni şərh edərkən deyib.

Onun sözlərinə görə, indiki məqamda Ermənistan Türkiyə və Azərbaycanla sülh sazişi üzərində işləyir:

“Bunu təsdiqləyən əsas fakt Ermənistan rəhbərliyinin Azərbaycanın sülh gündəliyini oğurlayıb istifadə etməsidir. Xüsusi ilə Paşinyanın Tiflisdə kommunikasiyalar ilə bağlı dediklərində plagiatlıq hiss olunurdu. Bu həm gülünc doğurur, həm də sevindirir.

Qədir Aslan

O baxımdan sevindirir ki, Ermənistan tərəfi ilk dəfədir ki, regional əməkdaşlıqdan, kommunikasiya xətlərinin açılmasından danışır. Halbuki bu günə qədər biz Ermənistan hakimiyyətinin ancaq revanşizmdən, işğaldan bəhs etdiyinin şahidi olurduq.

Lakin indiki məqamda Ermənistan tərəfi Rusiyanın orbitindən çıxmaq istəyir. Lakin bu məsələ sülh gündəliyinə zərbə vura bilər. Belə ki, Ermənistan ilə Azərbaycan arasında 10 noyabr bəyanatı imzalanıb. Bu bəyanatın qarantoru isə Rusiya tərəfidir. Ermənistan indiki məqamda bu sazişdən çıxmaq istəyir.

Bunun yerinə isə Vaşinqtonda yeni çərçivə sazişi imzalamaq istəyir.

Hesab edirəm, bu yeni saziş bizim özümüz üçün də müsbət ola bilər. Hətta bununla Zəngəzur dəhlizinin açılması, habelə sərhədlərin delimitasiya və demarkasiya məsələsində həll edə bilərik”.

Turan Rzayev
Globalinfo.az