Leyla Əliyeva və Alena Əliyeva Gəncədə 4 nömrəli uşaq evində olublar.
Globalinfo.az xəbər verir ki, ziyarət zamanı uşaq evinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, 4 nömrəli uşaq evi valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqlara xidmət göstərir. Hazırda uşaq evinin 64 sakini var. Onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər göstərilir.
Qeyd olunub ki, müəssisə 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunub. Fond uşaq evinin sakinlərini daim diqqətdə saxlayır, burada mütəmadi olaraq şənliklər, əyləncəli tədbirlər təşkil edilir.
Leyla Əliyeva və Alena Əliyeva həmçinin Gəncədə Şah Abbas məscidini ziyarət ediblər. Məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib. Gəncənin mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv xüsusiyyətlərini özündə birləşdirir. Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub.
Xatırladaq ki, məscid 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa olunub.
