Prezidentin builki ad günündə fərqli məqam – İlk dəfə…

Bu gün Azərbaycan Prezidenti Müzəffər Ali Baş Komandan İlham Əliyevin doğum günüdür. 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olan İ. Əliyevin 62 yaşı tamam olur.

İlham Əliyev həm də Azərbaycanın işğal altında olan torpaqlarını düşmən işğalından xilas edən, Müzəffər Ali Baş Komandandır. Bundan başqa 100 ildən artıq bir müddətdir davam edən separatçılığı sonlandıran şəxs kimi də Azərbaycan tarixində özünə yer etməyi bacarıb.

Prezident İlham Əliyevin doğum günü ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa deyib ki, ölkə prezidentinin doğum günü Azərbaycan cəmiyyətində ciddi bir hadisə kimi qiymətləndirilir:

Fazil Mustafa

“Spesifik bir yanaşma var. Bu yanaşma bu il xüsusilə fərqli hal alıb. Belə ki, Qarabağın tam işğaldan azad edilməsində ən böyük pay məhz ona məxsusdur. Qədirbilən xalqımız üçün bu mənada İlham Əliyevin doğum günü ayrı bir dəyərə sahibdir.

Mən də dünən Milli Məclisin iclasında cənab prezidenti təbrik elədim. Hesab edirəm, onun Azərbaycan xalqı qarışında xidməti unudulmayacaq. Onun adı tariximizdə əbədi qalacaq. Cəmiyyətimiz hər zaman dövlətimizi İlham Əliyevin gətirdiyi səviyyədə qoruyub saxlaya bilsə, həmişə fərqlənib seçiləcək. Biz bu prosesi daha da irəli aparmalıyıq.

Politoloq Qabil Hüseynli isə deyib ki, İlham Əliyevin 20 illik hakimiyyəti Azərbaycan tarixinin ən yeni mərhələsinin başlanğıcı oldu:

Qabil Hüseynli

“Onun rəhbərliyində xalqımız böyük inkişaf yolu keçdi. Bu inkişaf özünü bütün sahələrdə qabarıq şəkildə göstərir. Xüsusilə siyasi diplomatik hərbi sahələrdə gəldiyimiz nöqtə də bizə 44 günlük İkinci Qarabağ müharibəsində, habelə lokal antiterror tədbirləri zamanı zəfəri bəxş etdi. 30 ildən artıq bir müddətdir davam edən işğal və bir əsirdən çoxdur davam edən separatizm sonlandı.

İlham Əliyev təkcə Müzəffər Ali Baş Komandan deyil, həm də xalqın yanında olan bir liderdir. Xüsusilə qeyd edim ki, cənab prezident doğum günlərini açılışlar edərək şəhid, qazi ailələri ilə, ya da işğaldan azad edilən ərazilərdə qeyd edir. Bu onun bir daha xalqın lideri olduğunu göstərir. Bu həm də Heydər Əliyev tərbiyəsinin örnəyidir”.

Globalinfo.az kollektivi də Azərbaycan Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edir, ona bundan sonrakı fəaliyyətində uğurlar diləyir.

Turan Rzayev
Globalinfo.az