Prezidentin 2024-lə bağlı qovluğunda nələr var? – Seçki, referendum, idarəçilikdə dəyişiklik…

2024-cü ildə ölkədaxili siyasi proseslərdə və digər sahələrdə yeniliklərin olacağı ilə bağlı çoxsaylı iddialar səsləndirilir. Həmçinin ölkədə idarəetmə sisteminin yenilənəcəyi, referendumun keçiriləcəyi, bir sıra strukturlarda islahatların olacağına dair müzakirələr müşahidə olunur.

O cümlədən masada sülh müqaviləsi və bəzi beynəlxalq, regional layihələr var. Hər nə qədər bu ilin sonuna kimi sülh müqaviləsinin imzalanacağına dair bəyanatlar səsləndirilsə də, şərtlərin müəyyən edilməsi və maddələrin qarışılıqlı şəkildə razılaşdırılması ilə bağlı proses davam edir. Artıq müqavilənin növbəti il imzalana biləcəyinə dair ciddi proqnozlar səsləndirilir.

Bəs ümumilikdə növbəti ildən Azərbaycan üçün gözləntilər nələrdir? Yeni ildə hansı prosesləri müşahidə edə bilərik?

Samir Hümbətov 

Məsələ ilə bağlı Globalinfo.az-a danışan politoloq Samir Hümbətov ölkədaxili məsələlərdə bir sıra yeniliklərin gözlənildiyini deyib:

“2024-cü ildən gözləntilər çoxdur, bunun da səbəbi var. Nəzərə almaq lazımdır ki, tək bizim region deyil, bütün dünya üçün siyasi konfiqurasiyanın getdiyi bir dövrdür. Azərbaycan da bu proseslərdən kənarda qala bilməz. Düşünürəm ki, növbəti ildə dövlət tərəfindən idarəetmədə yenilik və təkmilləşdirmə prosesləri aparıla bilər. Bunun üçün də kifayət qədər əsaslar var. Torpaqların işğaldan azad edilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına qaytarılması, Azərbaycanın regionda və dünyada artan nüfuzu, genişlənən xarici əlaqələr və s. dövlətin idarəetmə mexanizminə də təsir edir.

İdarəetmədə müəyyən irəliləyişlərin olması gözləniləndir. Məsələn, sistemin təkmilləşdirilməsi üçün referendum keçirilməsi, seçkilərin olması müəyyən qədər ehtimal olunan məsələlərdəndir. Yaxud müvafiq sərəncamlarla dəyişiklik və yeniliklər həyata keçirilə bilər. Bu istiqamətdə daha dəqiq və detallı, müəyyən addımların atılmasından sonra danışmaq olar”.

Politoloq bildirib ki, xarici siyasətdə də bir sıra yeniliklər gözləniləndir:

“Növbəti ildə sülh müqaviləsinin imzalanma ehtimalı var. Təbii ki, burada Ermənistan tərəfinin addımlarından çox şey asılıdır. Amma düşünürəm ki, 2024-cü il müsbət istiqamətdə dəyişikliklərin olacağı bir il kimi xarakterizə edilə bilər. Həmçinin 2023-cü ildə də ciddi uğurlar qazandıq. Ölkə ərazisindən erməni terrorçu dəstələrinin tamamilə təmizlənməsi buna ən yaxşı nümunədir.

Azərbaycan regional və beynəlxalq layihələrdə də aktivliyini qoruyur. Növbəti ildə yenə eyni templə davam edəcəyik. Bizim qonşu, region və digər dünya dövlətləri ilə fərqli sferalarda məhsuldar əməkdaşlığımız var. Bu xətt daha da inkişaf etdiriləcək. Gözləntilər böyükdür, lakin hadisələrin gedişatına beynəlxalq proseslərin təsiri də nəzərə alınmalıdır. Beynəlxalq vəziyyət imkan verdikcə, Azərbaycan daha böyük uğurlara imza ata bilər”.

Ayşən Mustafa
Globalinfo.az