Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Xocavənd rayonunun Quzeyxırman kəndində olub.
Globalinfo.az xəbər verir ki, dövlətimizin başçısına burada Quzeyxırman və Güneyxırman kəndlərində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlər barədə məlumat verilib.
Sonra Prezident İlham Əliyev hər iki kəndə qayıdan sakinlərlə görüşüb.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına Quzeyxırman və Güneyxırman kəndlərində sosial infrastrukturla bağlı görülən işlər barədə məlumat verdi.
Bildirildi ki, Güneyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsində yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. 2023-cü ildə keçirilən antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub. İşğaldan əvvəl sakinlər əsasən heyvandarlıq, üzümçülük və əkinçiliklə məşğul olub. Burada 2 məktəb, uşaq bağçası, xəstəxana, mədəniyyət evi, klub, kitabxana, idman kompleksi, çörək istehsalı müəssisəsi və rabitə şöbəsi fəaliyyət göstərib.
Kənddə ümumilikdə 549 fərdi ev var. Onlardan da 170-i yararsız, 379-u qismən yararlıdır. Artıq 50 ev istismara hazırdır, 147 evdə isə təmir işləri davam edir. Digər 182 evin isə təmir-bərpası ilə bağlı hazırlıq işləri gedir.
Bir neçə gün əvvəl kəndə 18 ailə (72 nəfər) qayıdıb.
Kənddə sosial infrastruktur sahəsində bir sıra işlər görülüb, yeni qaz xətti çəkilib, mövcud xətdə isə bərpa işləri aparılıb, subartezian quyularında nasos avadanlıqları quraşdırılıb, nasos stansiyasının tikintisi davam etdirilir. Kənddaxili su şəbəkəsi yenidən qurulub, fiber-optik kabel çəkilib.
x x x
Quzeyxırman Xocavənd rayonunun eyniadlı inzibati ərazi dairəsinə daxildir. 1992-ci ildə işğal olunan kənd Azərbaycan Silahlı Qüvvələrinin 2023-cü ildə həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib. İşğaldan əvvəl kənd sakinləri üzümçülük, taxılçılıq və heyvandarlıqla məşğul olublar. Burada orta məktəb, uşaq bağçaları, klub, kitabxana fəaliyyət göstərib.
Quzeyxırman kəndində 447 fərdi ev var. Onlardan da 65-i yararsız, 382-si qismən yararlıdır. 244 evdə təmir-bərpa işləri aparılır və bunlardan da 100-ü artıq istismara hazırdır. Digər 144 evdə görülən işlər növbəti aylarda yekunlaşacaq. Qalan 138 evdə isə təmir-bərpa işlərinə hazırlıq görülür.
Bir neçə gün əvvəl kəndə ilkin mərhələdə 21 ailə (87 nəfər) qayıdıb.
Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Belə ki, yeni qaz xətləri çəkilib, mövcud xətt bərpa edilib, subartezian quyuları nasos avadanlıqları ilə təchiz olunub, su şəbəkəsi və nasos stansiyası yenidən qurulub. Mövcud transformator məntəqələri, elektrik hava xətləri və kənddaxili elektrik şəbəkəsi bərpa olunub, fiber-optik kabel xətti çəkilib. Bundan başqa, 460 şagird yerlik Quzeyxırman kənd tam orta ümumtəhsil məktəbinin və 40 yerlik körpələr evi-uşaq bağçasının binaları təmir olunub. Kənddə ictimai-iaşə obyektləri istifadəyə verilib.
x x x
Sonra dövlət başçısı kəndə köçən Nizaməddin Əliyevin evində oldu.































