Prezident və xanımı dünya çempionatının açılış mərasimində – VİDEO

Bakıda təşkil olunan taekvondo üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Globalinfo.az bildirir ki, Bakı Kristal Zalında baş tutan tədbiri Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov və digər rəsmi şəxslər izləyiblər.

İlk olaraq iştirakçı ölkələrin bayraqları arenaya gətirilib.

Daha sonra Dünya Taekvondo Federasiyasının himni səsləndirilib və qurumun bayrağı nümayiş etdirilib. Ardınca Azərbaycanın nəhəng bayrağı gətirilib, Dövlət Himni səsləndirilib.

Hakimlərin və idmançıların andiçməsindən sonra Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Çun çıxış edərək hər kəsi salamlayıb: “Burada çempionatın keçirilməsindən çox məmnunuq. Azərbaycanda və Bakıda müxtəlif taekvondo tədbirləri təşkil olunub. Prezident İlham Əliyevin dəstəyi nəticəsində bu idman növü ölkədə geniş vüsət alır”.

Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın videomüraciəti təqdim olunub. O, taekvondonun dünyada ən məşhur idman növlərindən biri olduğunu söyləyib və onun insanların birliyi üçün əhəmiyyətli olduğunu söyləyib.

Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov taekvondonun ölkədə özünəməxsus yeri olduğunu və gənclərdə bu idman növünə marağın artdığını vurğulayıb. O, dünya çempionatının təşkilini Azərbaycana həvalə etdikləri üçün beynəlxalq federasiyaya təşəkkürünü bildirib. Federasiya rəhbəri idmançılara uğurlar arzulayıb.

Gənclər və idman naziri Fərid Qayıbovun dünya çempionatını açıq elan etməsindən sonra Ulu Öndər Heydər Əliyevin Azərbaycan idmanına bəxş etdiyi töhfələrdən bəhs olunan videoçarx göstərilib.

X X X

Mayın 29-da Bakıda taekvondo üzrə 26-cı dünya çempionatının açılış mərasimi keçirilir.

Globalinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak edirlər.

Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat “Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. İyunun 4-dək “Baku Crystal Hall”da keçiriləcək 26-cı dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizəyə qoşulub. Dünya çempionu olacaq idmançı aktivinə 140 reytinq xalı əlavə edəcək.

Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizova (67 kq) idmançılardan ibarət heyətlə qatılıb.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edir. Bu münasibətlə çempionat çərçivəsində silsilə tədbirlər keçirilir.

Xatırladaq ki, Bakının yarışa ev sahibliyi etməsi barədə qərar ötən il qəbul olunub. Beynəlxalq Olimpiya Komitəsinin İsveçrənin Lozanna şəhərindəki inzibati binasında təşkil olunan və qurumun prezidenti Tomas Baxın qatıldığı yığıncaqda bu yarış üçün 3 ölkə namizədliyini irəli sürsə, Bolqarıstan son anda müraciətini geri götürüb. Nəticədə dünya çempionatını qəbul etməyə Azərbaycan və Çin iddia edib. Beynəlxalq qurum ölkəmizin bir sıra nüfuzlu yarışlara, taekvondo üzrə Avropa çempionatına, Qran-Pri, Olimpiadaya lisenziya xarakterli təsnifat turnirlərinə uğurla ev sahibliyi etməsini nəzərə alaraq, dünya çempionatının keçirilməsini də Azərbaycana həvalə edib. Beləliklə, taekvondo üzrə dünya çempionatı MDB məkanından Rusiyadan sonra Azərbaycanda təşkil olunur. Eyni zamanda, Azərbaycan Avropada Almaniya, Danimarka, İspaniya, Yunanıstan, Rusiya və Böyük Britaniyadan sonra dünya çempionatına ev sahibliyi edən yeddinci ölkədir.