Prezident seçkisi ilə bağlı koalisiya yaradılır

“Mənim Səsim” Seçki-Monitorinq Koalisiyası fevralın 7-də ölkə üzrə seçki dairələrinin yarısından çoxunda seçki prosesini müşahidə edəcək. Artıq bu məqsədlə 500 nəfər müşahidəçi seçilib və onlar regionlar üzrə 63-dən çox dairənin məntəqələri üzrə bölünüb və təlimatlandırılıb”.

Globalinfo.az xəbər verir ki, bu haqda “Mənim Səsim” Seçki-Monitorinq Koalisiyasının bəyanatında bildirilir.

Koalisiya Naxçıvan Muxtar Respublikasının seçki dairələrində də seçki prosesini izləyəcək. Sənəddə o da qeyd olunur ki, seçilən müşahidəçilər seçki təcrübəsi olan professionallardır. Artıq onların siyahısı Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

İşçi Qrupun yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən və 7 fevral seçkisində müşahidə missiyasını həyata keçirəcək beynəlxalq qurumlarla görüşləri planlaşdırılır.

“Mənim Səsim” Seçki-Monitorinq Mərkəzinin İşçi Qrupunun üzvləri Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi İB-nin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İB-nin sədri Səidə Qocamanlı, Beynəlxalq İnsan Hüquqları Təşkilatının Azərbaycan bölməsinin sədri Səadət Bənənyarlı, professor Əhməd Qəşəmoğlu, fəlsəfə elmləri namizədi Adəm İsmayıldır.

Koalisiya 2024-cü il fevralın 7-də Azərbaycan Respublikasında keçiriləcək növbədənkənar prezident seçkilərinin monitorinqini həyata keçirmək məqsədi ilə yaradılıb.

Koalisiya seçki prosesi başa çatdıqdan sonra monitorinqin nəticələri üzrə yekun hesabat hazırlayacaq.

Zaira Akifqızı
Globalinfo.az