Prezident seçkiləri ilə bağlı dörd mühüm məsələ

Növbədənkənar prezident seçkiləri mövzusu aktual olaraq qalır. Bəzi ekspertlər iddia edirlər ki, xarici güclər bu qərarda rol oynayıb. Radikal müxalifət liderləri də eyni tezisi tirajlayır. Amma hakimiyyət təmsilçiləri bu tezisi təkzib edirlər. Onlar bildirirlər ki, siyasi təcrübədə növbədənkənar seçkilərin keçirilməsi var.

Maraqlıdır, bu iddia doğrudur? Bu qərarın verilməsində kənar faktorların təsiri nə qədərdir?

Globalinfo.az-a danışan siyasi şərhçi Kənan Novruzov deyib ki, bu qərarda hansısa kənar gücün rolunun olduğunu düşünmür:

“Amma növbədənkənar prezident seçkilərinin birbaşa olaraq regionda və dünyada baş verən geosiyasi proseslərlə bağlı olması aydındır. İkinci bir tərəfdən, 2025-ci ildə Azərbaycanda parlament seçkilərinin də keçirilməsi planlaşdırılır. Hər iki seçki prosesinin eyni ildə keçirilməsi çətin ola bilərdi.

Bundan başqa, gələn il həm də Rusiyada, Ukraynada, ABŞ-da prezident seçkilərinin keçirilməsi gözlənilir. Belə bir vaxtda Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsinin birbaşa olaraq geosiyasi proseslərlə bağlı olması şübhəsizdir.

Kənan Novruzov

Üçüncüsü, İkinci Qarabağ müharibəsi və antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz tam təmin olunub. Əlbəttə, bu, istər-istəməz hakimiyyətin və şəxsən Prezident İlham Əliyevin reytinqini daha da artırdı. Seçkilərlə bir daha Qərbə göstərəcəyik ki, Azərbaycan demokratik dövlətdir.

Dördüncüsü, işğaldan azad olunmuş ərazilərdə də seçkilər keçiriləcək. İşğaldan azad olunmuş ərazilərdə keçiriləcək ilk seçkilərin məhz prezidentlə bağlı olması xüsusi və simvolik əhəmiyyətlidir.

Çox böyük ehtimalla İlham Əliyev seçkilərdə qalib gələcək. Bundan sonra isə Azərbaycanın xarici və daxili siyasətində yeni mərhələ başlayacaq”.

Turan Rzayev
Globalinfo.az