Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 22-də Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Murla görüşündə deyib ki, Bayden-Blinken administrasiyası dövründə Vaşinqton tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib.
Dövlət başçısı bildirib ki, bunun da nəticəsində ikitərəfli əlaqələr böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib.
Globalinfo.az-a danışan siyasi şərhçi Füzuli Qurbanov deyib ki, Azərbaycan Prezidentinin bu məsələni yenidən gündəmə gətirməsi təsadüfi deyil:
“907-ci düzəliş bərpası və rəsmi Bakının bu məsələdən keçirdiyi narahatlıq həmişə gündəmdə idi. Hesab edirəm, Prezidentin Davosda ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşdə bu məsələni yenidən aktuallaşdırması doğru, yerində addımdır. Bu məsələnin arxasında çox ciddi geosiyasi məqamlar var. Ümumiyyətlə, 907-ci düzəliş bəsit bir sənəd deyil. Keçən əsrin sonları ABŞ-ın Cənubi Qafqaz siyasəti çox yanlış quruldu. Xüsusilə Azərbaycana qarşı qərəzli, hüquqdan, ədalətdən kənar yanaşma sərgiləndi. Prezident 907-ci düzəliş haqda danışarkən əslində təcavüzə məruz qalan Azərəbaycana qarşı haqsızlığın edildiyini deyir.
Füzuli Qurbanov
Bayden-Blinken administrasiyasının 907-ci düzəlişin ABŞ-da ölkəmizə qarşı qərəzli yanaşmanın qaldığını bir daha göstərir. Beynəlxalq hüquq prizmasından baxdıqda da Vaşinqtonun regiona, ölkəmizə baxışının ədalətli olmadığı bəlli olur. Faktiki olaraq Azərbaycan Prezidenti ABŞ-ı münasibətlərdəki qərəzi ortadan qaldırmağa dəvət etmişdi”.
Politoloq qeyd edib ki, Azərbaycan məsələnin müstəqil dövlət kimi obyektiv həllindən yanadır:
“ABŞ regional siyasətinə yenidən baxmalıdır. Çünki regionda uğur qazanmaq istəyirsə, Azərbaycanla əməkdaşlıq şərtdir. Bunun üçün isə mövcud vəziyyət dəyişməlidir. Əks təqdirdə ABŞ-ın regiondakı varlığı müvəqqəti olacaq”.
Turan Rzayev
Globalinfo.az