Prezident Münhendə onlarla görüşdü – FOTOLAR

Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “The Rockefeller Foundation”ın strateji kommunikasiyalar, siyasət və təbliğat üzrə baş vitse-prezidenti xanım Eylin Okonnorun görüşü olub.

Globalinfo.az xəbər verir ki, COP29-un ölkəmizdə keçirilməsi münasibətilə təbriklərini çatdıran Eylin Okonnor “The Rockefeller Foundation”ın dünyada iqlim dəyişikliyi və onun qarşısının alınmasının maliyyələşdirilməsi sahəsində aktiv fəaliyyət göstərdiyini, bu istiqamətdə bir sıra dövlətlərlə, özəl sektorla və vətəndaş cəmiyyəti ilə çalışdığını qeyd etdi. O, bu xüsusda Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirdi.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı qeyd etdi ki, COP29-la əlaqədar inklüzivliyin tərəfdarıdır və Azərbaycan bu istiqamətdə beynəlxalq ictimaiyyətlə yaxından işləyir.

Ölkəmizin “The Rockefeller Foundation”la da əməkdaşlığa hazır olduğunu vurğulayan Prezident İlham Əliyev Fondun nümayəndə heyətini Azərbaycana səfərə dəvət etdi.

XXX

Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd əl-Cabirin görüşü olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Sultan Əhməd Əl-Cabir Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın salamlarını və ən xoş arzularını, həmçinin prezident seçkilərində qələbəsi münasibətilə İlham Əliyevə, Azərbaycan dövlətinə və xalqına səmimi təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirdi, onun da salamlarını BƏƏ Prezidentinə çatdırmağı xahiş etdi.

Prezident İlham Əliyev bu yaxınlarda Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla telefon danışığını və onun Azərbaycana səfərini məmnunluqla xatırladı. Qeyd etdi ki, bu, tarixi səfər idi. Belə ki, BƏƏ Prezidenti ilk dəfə Azərbaycana rəsmi səfər edirdi.

COP29-un ölkəmizdə keçirilməsi ilə bağlı Azərbaycanı təbrik edən nazir Prezident Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın tapşırığına əsasən BƏƏ-nin COP heyətinin hazırda Azərbaycan nümayəndə heyəti ilə yaxından işlədiyini diqqətə çatdırdı. O, COP29-un COP-un tarixində ən uğurlu sessiyalardan biri olacağına əminliyini ifadə etdi.

Azərbaycan Prezidenti COP çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin ölkəmizə göstərdiyi dəstəyin və aparılan təcrübə mübadiləsinin çox əhəmiyyətli olduğunu bildirdi. Dövlətimizin başçısı BƏƏ, Azərbaycan və Braziliya arasında COP çərçivəsində yaradılan Üçlük mexanizminin çox uğurlu addım olduğunu diqqətə çatdırdı.

Görüşdə Azərbaycanla BƏƏ arasında müxtəlif sahələrdə, o cümlədən ölkəmizdə bərpaolunan enerji sahəsində əməkdaşlıq xüsusi vurğulandı. “Masdar” şirkətinin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizin qeyri-neft sənayesinə yatırdığı investisiyalar məmnunluqla qeyd edildi, bu sahədə əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

XXX

Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Banqladeş Xalq Respublikasının Baş naziri xanım Şeyx Hasinanın görüşü olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Qoşulmama Hərəkatının Zirvə görüşü çərçivəsində ölkəmizə səfərini və Azərbaycan Prezidenti ilə görüşlərini məmnunluqla xatırladan Şeyx Hasina dövlətimizin başçısına prezident seçkilərində qələbəsi münasibətilə təbriklərini çatdırdı.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

Banqladeşin Baş naziri COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı və ölkəsinin də qlobal iqlim dəyişikliyindən əziyyət çəkdiyini qeyd etdi.

Dövlətimizin başçısı Azərbaycanın COP29 çərçivəsində inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında həmrəyliyin gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğuladı. Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin İslam Əməkdaşlıq Təşkilatı, eyni zamanda, Avropa təsisatları ilə əlaqələrinin bu istiqamətdə həmrəyliyin gücləndirilməsi işinə töhfə verəcəyini diqqətə çatdırdı.

Azərbaycan Prezidenti COP29-da iştirak etmək üçün Banqladeşin Baş nazirini ölkəmizə səfərə dəvət etdi.

Şeyx Hasina dəvəti məmnuniyyətlə qəbul etdi.

Görüşdə Banqladeşlə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, investisiyalar, əczaçılıq, kənd təsərrüfatı və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edildi, əlaqələrin genişləndirilməsi üçün böyük perspektivlərin olduğu diqqətə çatdırıldı. Eyni zamanda, Azərbaycan-Banqladeş iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun yaradılmasının və iki ölkənin biznes dairələri arasında əlaqələrin qurulmasının vacibliyi vurğulandı.

Ölkələrimizin xarici işlər nazirləri və aidiyyəti dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi və siyasi məsləhətləşmələr mexanizminin yaradılması məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

XXX

Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən Avropa Komissiyasının Avropa Yaşıl Saziş Təşəbbüsü, təsisatlararası əlaqələr və nəzarət üzrə İcraçı vitse-prezidenti Maroş Şevçoviçin görüşü olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Maroş Şefçoviç Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın uğurla inkişaf etməsinin məmnunluq doğurduğunu vurğuladı. O, Azərbaycanın pan-Avropa enerji təchizatçısı olduğunu yüksək qiymətləndirdi. Tezliklə ölkəmizə səfər etmək niyyətində olduğunu bildirən Maroş Şevçoviç COP29-un Azərbaycan ilə Avropa İttifaqı arasında bərpaolunan enerji və iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlıq üçün yaxşı imkanlar yaratdığını diqqətə çatdırdı.

O, Azərbaycanın ev sahibliyi edəcəyi COP29-un sessiyasının əsas gündəliyinin çox vacib mövzulardan birinin iqlim maliyyələşdirilməsi olacağını deyərək, Avropa İttifaqının da iqlim dəyişikliyi üzrə proseslərdə yaxından iştirak edən tərəfdaş kimi Azərbaycana dəstək göstərməyə hazır olduğunu vurğuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan COP29-da qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini əsirgəməyəcək. Belə ki, Azərbaycanın Qoşulmama Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında və digər üzv təşkilatlarda apardığı iş, Avropa İttifaqı ilə əlaqələri və digər tərəfdaşlarla münasibətləri bu cür həmrəyliyin əldə edilməsinə töhfə verə bilər. Dövlətimizin başçısı, həmçinin COP çərçivəsində ilk dəfə olaraq Üçlük mexanizminin yaradıldığını qeyd etdi və Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan və Braziliyanın bir araya gələrək bu istiqamətdə birgə iş aparacağını vurğuladı.

XXX

Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən “Indra” şirkətinin prezidenti, idarə heyətinin sədri Mark Tomas Murtranın görüşü olub.

Globalinfo.az xəbər verir ki, görüşdə ötən illər ərzində şirkət ilə Azərbaycan arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bu əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulandı.

Söhbət zamanı bir sıra yeni layihələr barədə fikir mübadiləsi aparıldı və əməkdaşlığın davam etdirilməsinə qarşılıqlı maraq ifadə olundu.

Münxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə “Indra” şirkətinin prezidentinin görüşü olubMünxendə Azərbaycan Prezidenti İlham Əliyev ilə “Indra” şirkətinin prezidentinin görüşü olub

X X X

Azərbaycan Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən İraq Kürdüstan Regionunun Başçısı Neçirvan Bərzaninin fevralın 17-də Münhendə görüşü olub.

Globalinfo.az xəbər verir ki, Neçirvan Bərzani dövlət başçısına prezident seçilməsi münasibətilə təbriklərini çatdırıb.

Prezident İlham Əliyev təbrikə görə minnətdarlığını bildirib, ondan da səmimi təbrik məktubu almasını məmnunluqla qeyd edib.

İraq Kürdüstan Regionunun Başçısı Azərbaycana səfərini və dövlət başçısı ilə keçirdiyi görüşləri məmnuniyyətlə xatırladıb. Səfər zamanı müzakirə olunmuş məsələlərin həyata keçirilməsi istiqamətində hər iki tərəfin nümayəndələrinin yaxından çalışdıqları vurğulanıb. Həmçinin İraqın mərkəzi hökuməti ilə Azərbaycan arasında əlaqələr məmnunluqla qeyd olunub.

Söhbət əsnasında İraqın müxtəlif şəhərləri ilə Azərbaycan arasında birbaşa uçuşların olmasının önəmi qeyd edilib. Regionla Azərbaycan arasında iqtisadi-ticari, mədəni-humanitar əlaqələrin inkişaf etdirilməsi istiqamətində məsələlər nəzərdən keçirilib.

Neçirvan Bərzani COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.

Dövlət başçısı İraq Kürdüstan Regionunun Başçısını COP29-da iştirak etmək üçün Azərbaycana səfərə dəvət edib.

Söhbət zamanı iqlim dəyişikliyi istiqamətində də birgə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.

X X X

Fevralın 17-də Münhendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə qarşı tərəfin müraciətinə əsasən ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin görüşü olub.

Globalinfo.az xəbər verir ki, Con Kerri dövlətimizin başçısını prezident seçkilərində qələbə və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda keçirilməsi münasibətilə təbriklərini çatdırdı, Prezident İlham Əliyev ilə görüşlərini məmnunluqla xatırladı.

Prezident İlham Əliyev təbriklərə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan COP-la əlaqədar bir daha özünün iqlim dəyişikliyi sahəsində beynəlxalq səyləri dəstəkləmək əzmini nümayiş etdirib. Azərbaycan, eyni zamanda, milli səviyyədə bərpaolunan enerji və yaşıl keçid prosesi sahəsində ciddi tədbirlər həyata keçirməkdədir, bu istiqamətdə region səviyyəsində və qlobal miqyasda olan tədbirləri yaxından dəstəkləyir. İqlim maliyyələşdirilməsi COP29-un əsas mövzusu olacaq ki, Azərbaycan da bu xüsusda qlobal həmrəyliyə, xüsusilə də qlobal Şimal və qlobal Cənub arasında həmrəyliyə nail olmaq istiqamətində səylərini davam etdirəcək. Bu xüsusda Azərbaycanın Qoşulmama Hərəkatına dörd il sədrlik edən dövlət kimi çox yaxşı təcrübəsi var. Eyni zamanda, Azərbaycan digər müxtəlif platformalarda fəal şəkildə iştirak edir ki, bundan da istifadə edərək qlobal həmrəyliyə nail olunmasına dəstək verəcəkdir.

Dövlətimizin başçısı regional səviyyədə reallaşdırılan tədbirlər kontekstində Qara dənizin dibi ilə keçən layihəni qeyd etdi, həmçinin Xəzər dənizinin dibində bərpaolunan xəttin qurulması və bu xüsusda Mərkəzi Asiya dövlətləri ilə birgə işi diqqətə çatdırdı.

Con Kerri iqlim maliyyələşdirilməsi mövzusunun gündəlikdə duran əsas məsələlərdən biri olduğunu vurğuladı. O, hazırda yaşıl keçidlə əlaqədar texnoloji inkişafın çox sürətlə getdiyini və bu istiqamətdə yaxşı nəticələrin əldə olunduğunu, Bakıda da qəbul ediləcək qərarların iqlim dəyişikliyi prosesində beynəlxalq səylərə ciddi təkan verəcəyinə ümidvarlığını bildirdi.

Prezident İlham Əliyev Con Kerrini COP29-da iştirak etmək üçün Azərbaycana səfər dəvət etdi.

Con Kerri COP29-da məmnuniyyətlə iştirak edəcəyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi ilə görüşüb

Prezident İlham Əliyev Münxendə ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi ilə görüşüb