Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku 2026″ reqatası Ağdərədə start götürüb.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, Qarabağın dilbər guşəsi Ağdərədə təşkil olunan tədbirdə əvvəlcə Dövlət Himninin səsləndirilib.
Sonra Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardınca reqatanın ilk dəfə Sərsəng su anbarında keçirilməsinin qürurverici olduğunu bildirən gənclər və idman naziri Fərid Qayıbov təşkilatçılığın ildən-ilə təkmilləşdiyini deyib.
Nazir idmançıların yarışdan zövq alacaqlarına inandığını bildirib.
Ardınca nümunəvi çıxışlar start götürüb. Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdirilib.
Daha sonra akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçirilib. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vurublar.
Qeyd edək ki, “Prezident Kuboku 2026″ beynəlxalq reqatasının rəsmi açılış mərasimi sabah Mingəçevirdə keçiriləcək.Yarışda Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.
***09:30
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı ilə avarçəkmə və kanoe üzrə “Prezident Kuboku 2026″ beynəlxalq reqatası bu gün start götürəcək.
Globalinfo.az xəbər verir ki, turnir ilk dəfə olaraq Sərsəng su anbarında başlayacaq.
Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr edilən reqatanın ilk günündə – 27 aprel tarixində Sərsəng su anbarında akademik avarçəkmə, kayak, kanoe, draqon qayıqları və yelkənli qayıqlar üzrə idmançıların nümunəvi çıxışları və ilk yarışlar keçiriləcək. İştirakçı ölkələrin bayraqlarını daşıyan skuterlər su üzərində dövrə vuracaq.
Tədbir çərçivəsində milli musiqi və rəqs nümunələri də nümayiş etdiriləcək.
Qeyd edək ki, “Prezident Kuboku 2026″ beynəlxalq reqatasında Azərbaycan, Çexiya, Gürcüstan, Almaniya, Yunanıstan, Qazaxıstan, Qırğızıstan, Litva, Moldova, Rumıniya, Serbiya, İsveç, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan 100-dən artıq idmançı mübarizə aparacaq. Reqataya mayın 1-də yekun vurulacaq.


