Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə səsləndirdiyi fikirlər beynəlxalq medianın diqqət mərkəzində olub və müxtəlif ölkələrin aparıcı media qurumlarında geniş işıqlandırılıb.
Globalinfo.az xəbər verir ki, xarici media əsasən Azərbaycanın Avropa enerji bazarına elektrik enerjisi ilə çıxmaq planlarına, Azərbaycan ərazisindən Ermənistana elektrik enerjisi verilməsi imkanlarına, Naxçıvanın enerji təhlükəsizliyinə, Azərbaycan-Ermənistan enerji əlaqələrinə və Zəngəzur dəhlizinin daha geniş strateji əhəmiyyət kəsb etməsinə diqqət yetirib.
Media materiallarında Prezident İlham Əliyevin Azərbaycanın Ermənistana elektrik enerjisi verə biləcəyi barədə açıqlaması bir sıra beynəlxalq nəşrlərdə iki ölkə arasında münasibətlərin normallaşması fonunda yeni əməkdaşlıq imkanlarının göstəricisi kimi təqdim olunub.
Çexiya
Çexiyanın “ČT24” xəbər platforması Prezident İlham Əliyevin açıqlamalarını “Azərbaycan Avropaya elektrik enerjisi ötürmək üçün yeni marşrut axtarır” başlığı ilə təqdim edib.
Materialda Azərbaycan Prezidentinin sözlərinə istinadən qeyd olunur ki, Azərbaycan ərazisindən Ermənistan vasitəsilə Naxçıvana elektrik xətlərinin çəkilməsi ilə bağlı layihə artıq hazırdır.
“ČT24” həmçinin elektrik enerjisi dəhlizinin Naxçıvandan Türkiyə və Avropaya qədər uzana biləcəyini və bunun Ermənistanın enerji sisteminin böhran vəziyyətlərində sabitliyinə də töhfə verə biləcəyini vurğulayıb.
Media qurumu Azərbaycanın neft və qazla yanaşı, elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq niyyətində olduğunu xüsusi qeyd edib.
Türkiyə
“Anadolu Agentliyi“, “Haberler.com”, “Doğruhaber” və “Yeni Akit” kimi portallar xəbərlərində Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılması, TRIPP layihəsinin icrasına başlanılması, dəhlizin illik ən azı 15 milyon ton yükdaşıma potensialı və onun nəqliyyatla yanaşı, fiber-optik, elektrik, gələcəkdə isə neft və qaz xətlərini əhatə edə biləcəyi ilə bağlı fikirlərinə geniş yer ayırıb.
Bolqarıstan
Bolqarıstanın “Банкеръ” (“Banker”) iqtisadi nəşri Prezident İlham Əliyevin Azərbaycanın Avropa elektrik enerjisi bazarına çıxmaq planları ilə bağlı açıqlamalarını yayıb. Nəşr Azərbaycanın enerji ixracında yeni istiqamətə hazırlaşdığını, neft və qazdan sonra elektrik enerjisinin də Avropa bazarına çıxarılmasının nəzərdə tutulduğunu vurğulayıb.
Bolqarıstan Teleqraf Agentliyi – BTA isə xəbəri “Azərbaycanın Naxçıvana Ermənistan ərazisindən elektrik xətləri çəkmək layihəsi hazırdır” başlığı ilə yayıb. Materialda qeyd olunur ki, Azərbaycan əvvəlcə Zəngəzur dəhlizini əsasən nəqliyyat bağlantısı kimi təqdim etsə də, hazırda layihəyə daha geniş kontekstdə yanaşır. Agentlik eyni zamanda Ermənistan ərazisindən keçməklə Azərbaycandan Naxçıvana elektrik xətlərinin çəkilməsi layihəsinin artıq hazır olduğunu vurğulayıb.
Fakti.bg Prezidentin Naxçıvana Ermənistan ərazisindən elektrik xəttinin çəkilməsi layihəsinin hazır olduğunu ön plana çıxarıb və Zəngəzur dəhlizinin enerji komponentinə diqqət çəkib. Nəşr Prezident İlham Əliyevin sözlərinə istinadla yazır ki, Azərbaycanın əsas hissəsindən Ermənistan ərazisindən keçməklə Naxçıvana elektrik xətlərinin çəkilməsi layihəsi artıq hazırdır. Materialda Zəngəzur dəhlizi ideyasının ilkin olaraq nəqliyyat əlaqələrinin inkişafına yönəldiyi, hazırda isə onun enerji infrastrukturu ilə də genişləndirildiyi vurğulanır.
3e-news isə Azərbaycanın Avropa enerji bazarına daxil olmaq niyyətini diqqət mərkəzinə çəkərək, elektrik enerjisinin Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılmasının planlaşdırıldığını yazıb.
Novini247 Azərbaycanın Ermənistana elektrik enerjisi tədarük edə biləcəyini qeyd edib. Nəşr Prezident İlham Əliyevin “əlavə elektrik enerjisi mənbəyinin İrəvan üçün faydalı olacağı” fikrini önə çıxarıb.
Fransa
Fransanın maliyyə və iqtisadi informasiya platforması “Boursorama” Azərbaycanın Ermənistana elektrik enerjisi vermək təklifinə diqqət çəkib.
Materialda Prezident İlham Əliyevin Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının gələcəkdə fəaliyyətini dayandırmasının mümkün enerji böhranı yarada biləcəyi barədə fikirləri əks olunub.
Həmçinin Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması fonunda yeni enerji və nəqliyyat əlaqələrinin yaradılması imkanlarının ortaya çıxdığını qeyd olunur.
Bosniya və Herseqovina
Bosniya və Herseqovinadakı “Srna” – Republika Srpska Xəbər Agentliyi xəbəri “Azərbaycan Avropa elektrik enerjisi bazarına daxil olur” başlığı ilə yayıb.
Agentlik yazır ki, Azərbaycan Cənubi Qafqazda neft, qaz və elektrik enerjisi daxil olmaqla geniş enerji resurslarına malik yeganə ölkədir. Materialda Prezidentin sözlərinə istinadla qeyd olunur ki, ixrac imkanlarının qonşu ölkələrə genişləndirilməsi Azərbaycanın Avropa bazarına çıxmasına şərait yaradacaq. Hazırda elektrik enerjisinin Avropaya çatdırılması üçün mövcud olan yeganə marşrutun Gürcüstan və Türkiyədən keçdiyi vurğulanır.
Bosniya və Herseqovinada fəaliyyət göstərən “Provjereno.info” isə Azərbaycanın Avropa bazarına elektrik enerjisi ixrac etmək istəyini ön plana çıxarıb.
Platforma xüsusilə Azərbaycanın Cənubi Qafqazda neft, qaz və elektrik enerjisi daxil olmaqla geniş enerji resurslarına malik olduğunu və ixrac imkanlarının qonşu ölkələrə genişləndirilməsi ilə Avropa bazarına çıxışın təmin ediləcəyini vurğulayıb. Materialda hazırda elektrik enerjisinin Avropaya çatdırılması üçün əsas marşrutun Gürcüstan və Türkiyədən keçdiyi qeyd olunur.
Ukrayna
Ukraynanın iqtisadi informasiya platforması “Fixygen” Azərbaycanın Avropaya elektrik enerjisi ixracı planlarını işıqlandırıb.
Nəşr Prezident İlham Əliyevin Azərbaycanın gələcəkdə elektrik enerjisi “istehsal edən, qəbul edən, ötürən və ixrac edən ölkə” kimi mövqeyini gücləndirmək niyyətində olduğunu qeyd edib.
Ukraynanın “Ukraine Open for Business” nəşri də Azərbaycanın Avropa elektrik enerjisi bazarına çıxmaq planlarını yayıb. Materialda Naxçıvandan Türkiyə və İrana mövcud elektrik xətlərinin ötürmə imkanlarının artırılmasına ehtiyac olduğu vurğulanıb.
Yunanıstan
Yunanıstanın dövlət yayımçısı “ERT News” Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan-Gürcüstan-Türkiyə marşrutu üzrə Avropaya elektrik enerjisi ötürülməsi planlarını işıqlandırıb. Dövlət yayımçısı yazır ki, Prezident İlham Əliyev Azərbaycanın Ermənistan ərazisindən keçməklə Naxçıvana elektrik xətlərinin çəkilməsi üçün artıq hazır layihəsinin olduğunu bildirib. Nəşr qeyd edir ki, bu xətt Naxçıvandan Türkiyə və daha sonra Avropaya qədər uzanan enerji dəhlizinin formalaşmasına imkan verə bilər. Materialda həmçinin belə bir bağlantının Ermənistanın elektrik sisteminin böhran dövrlərində sabitliyinə də töhfə verə biləcəyi vurğulanır.
Yunanıstanın “Οικονομικός Ταχυδρόμος” (OT) iqtisadi nəşri isə Azərbaycanın Avropanın enerji təminatında rolunu artırmaq istəyinə diqqət çəkib.
Nəşr qeyd edir ki, Azərbaycanı Gürcüstan üzərindən Rumıniya ilə birləşdirəcək sualtı elektrik kabelinin gücü 1 300 MVt-a qədər ola bilər. Eyni zamanda, Azərbaycan-Ermənistan-Naxçıvan elektrik xətti layihəsi də materialda xüsusi yer alıb.
Səudiyyə Ərəbistanı
Səudiyyə Ərəbistanının “Arab News” qəzeti Prezident İlham Əliyevin Azərbaycanın Ermənistana elektrik enerjisi tədarük edə biləcəyi barədə açıqlamasını yayıb.
Nəşrin diqqət yetirdiyi əsas məqamlardan biri Ermənistanın “Metsamor” AES-dən asılılığı və alternativ elektrik mənbəyinə ehtiyac yaranması ehtimalıdır. Nəşr yazır ki, Ermənistanın əsas enerji mənbələrindən biri olan Metsamor AES-in fəaliyyətinin dayandırılması ölkəni ciddi enerji böhranı ilə üz-üzə qoya bilər. Materialda Azərbaycanın Ermənistan ərazisində elektrik verilişi xətləri üçün ilkin araşdırmalar apardığı və mümkün dayaq məntəqələrini müəyyənləşdirdiyi də qeyd olunur. Bu xətt Azərbaycanın elektrik şəbəkəsinin Ermənistan üzərindən Naxçıvanla birləşdirilməsini nəzərdə tutur.
Səudiyyə Ərəbistanında fəaliyyət göstərən “Ahwal” elektron nəşri isə Azərbaycanın əsas hissəsindən Naxçıvana Ermənistan ərazisi vasitəsilə elektrik xəttinin çəkilməsi planını ön plana çıxarıb.
İran mediasında Prezident İlham Əliyevin Naxçıvan səfəri çərçivəsində səsləndirdiyi fikirlərin xüsusilə Zəngəzur dəhlizi və İranla dəmir yolu bağlantısı ilə bağlı hissələri diqqət çəkib.
“Tasnim” xəbər agentliyi Prezident İlham Əliyevin Zəngəzur dəhlizi və İranla nəqliyyat əlaqələri barədə açıqlamalarına diqqət çəkib. Nəşr Azərbaycanın Zəngəzur dəhlizinin reallaşdırılmasını və İranla dəmir yolu bağlantısının inkişaf etdirilməsini prioritet hesab etdiyini vurğulayıb. Materialda bu bağlantıların Naxçıvanın regional nəqliyyat imkanlarının genişlənməsinə və Azərbaycanın İran üzərindən beynəlxalq nəqliyyat marşrutlarına çıxışının güclənməsinə şərait yarada biləcəyi qeyd olunur.
İranın “Məşriq Nyuz” (Mashregh News) nəşri materialı “Əliyev: Zəngəzur dəhlizi və İranla dəmir yolu bağlantısı Bakı üçün prioritetdir” başlığı ilə yayıb. Məqalədə Prezident İlham Əliyevin Zəngəzur dəhlizi və İranla nəqliyyat bağlantıları ilə bağlı açıqlamaları diqqətə çatdırılıb. Nəşr yazır ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi Azərbaycanın İranla Culfa üzərindən ikinci dəmir yolu bağlantısının yaranmasına imkan verəcək. Bu xəttin Şimal-Cənub nəqliyyat dəhlizinin Fars körfəzi və Pakistan istiqamətində genişləndirilməsi üçün əlavə imkanlar yaradacağı qeyd olunur.
İranın “Axərin Xəbər” (Akharin Khabar) platforması da eyni mövzunu işıqlandırıb.
Gürcüstan
Gürcüstan mediası Prezident İlham Əliyevin açıqlamalarına geniş yer verən əsas media məkanlarından biri olub.
Gürcüstanın İctimai Yayımçısı – 1TV Azərbaycanın Avropa bazarına elektrik enerjisi ilə çıxmaq niyyətini və bunun üçün əsas marşrutun Gürcüstan və Türkiyədən keçəcəyinə dair fikirləri yayıb.
Gürcüstanın “Interpressnews” xəbər agentliyi materialı “Azərbaycan elektrik enerjisi ilə Avropa bazarına çıxmaq istəyir, yeganə marşrut Gürcüstan və Türkiyədən keçir” başlığı ilə təqdim edib. Agentlik Prezident İlham Əliyevin sözlərinə istinadla yazır ki, Azərbaycan neft və qazdan sonra elektrik enerjisi ilə də Avropa bazarına çıxmaq niyyətindədir. Hazırda bunun əsas marşrutu Gürcüstan və Türkiyə üzərindən keçir. Materialda Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsinin texniki-iqtisadi əsaslandırılmasının hazır olduğu da qeyd edilir.
Gürcüstanın “Resonance Daily” nəşri Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin gələcək imkanları ilə bağlı açıqlamalarını önə çıxarıb. Nəşr qeyd edir ki, layihə yalnız dəmir yolu və avtomobil yolundan ibarət olmayacaq. Buradan optik kabellərin, elektrik verilişi xətlərinin, gələcəkdə isə zərurət yaranarsa neft və qaz kəmərlərinin də keçməsi mümkün olacaq.
Gürcüstanın “NewsHub” platforması isə Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının gələcək taleyi ilə bağlı Prezident İlham Əliyevin fikirlərinə diqqət yetirib. “NewsHub” Prezident İlham Əliyevin Metsamor AES-in gələcəyi ilə bağlı açıqlamalarını önə çıxarıb. Nəşr stansiyanın bağlanmasının Ermənistanı ciddi enerji böhranı ilə üz-üzə qoya biləcəyini, bu baxımdan ölkənin əlavə elektrik enerjisi mənbələrinə ehtiyac duyacağını qeyd edir. Materialda TRIPP çərçivəsində Ermənistan ərazisində yüksək gərginlikli elektrik xətlərinin çəkilməsi üçün artıq araşdırmaların aparıldığı da vurğulanır.
“PrimeTime” da Azərbaycanın Avropaya elektrik enerjisi ixracı planlarını işıqlandırıb.
Bundan başqa, Gürcüstanın “JAMnews” regional media platforması Prezidentin Naxçıvan səfəri çərçivəsində verdiyi müsahibənin enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və Naxçıvanın gələcək inkişafı ilə bağlı hissələrini təhlil edib. Materialda Azərbaycanın Naxçıvandan elektrik enerjisini Avropa bazarına çıxarmaq niyyətində olduğu, həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvanla Ermənistan ərazisindən birləşdirəcək elektrik verilişi xətlərinin layihəsinin artıq hazırlandığı qeyd olunur. “JAMnews” bu layihələrin Naxçıvanı regionun mühüm nəqliyyat və enerji qovşaqlarından birinə çevirə biləcəyini vurğulayır.
Rusiyanın “İnterfaks“ agentliyi Azərbaycanın Avropa elektrik enerjisi bazarına çıxmaq planını işıqlandırıb və Prezident İlham Əliyevin Türkiyə və İranla bu istiqamətdə danışıqların aparıldığını bildirdiyini qeyd edib.
“Kommersant” Azərbaycanın Avropa elektrik enerjisi bazarına çıxmaq niyyətini başlığa çıxarıb. Nəşr Prezident İlham Əliyevin Azərbaycanın enerji resurslarının ixrac coğrafiyasını genişləndirmək niyyətinə diqqət çəkib. Nəşr yazır ki, Azərbaycan neft və qazla yanaşı, elektrik enerjisi ixracını da artıraraq Avropa bazarına çıxmağı planlaşdırır. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycanın qonşu ölkələrə enerji ixracı imkanlarının genişləndirilməsi son nəticədə Avropa bazarına çıxışı təmin edəcək.
“RİA Novosti” də Prezidentin enerji ixracı ilə bağlı açıqlamalarını yayıb. Agentlik Prezident İlham Əliyevin Azərbaycanın Avropa elektrik enerjisi bazarına çıxmaq niyyətində olduğunu bildirdiyini yazıb. Materialda Prezidentin “neft və qazla Avropa bazarına çıxmışıq, indi isə ora elektrik enerjisi ilə də çıxmaq istəyirik” fikri önə çəkilir.
“The Moscow Times“ isə Azərbaycanın Ermənistana elektrik enerjisi tədarük edə biləcəyini yazıb. “The Moscow Times“ Prezident İlham Əliyevin açıqlamalarına istinadla yazır ki, azərbaycanlı mütəxəssislər artıq Ermənistan ərazisində elektrik verilişi xətlərinin çəkilməsi ilə bağlı ilkin araşdırmalar aparıb və dayaqların quraşdırılması üçün mümkün əraziləri müəyyən ediblər. Nəşr bu layihənin Azərbaycan enerji sisteminin Ermənistan ərazisindən keçməklə Naxçıvanın enerji sistemi ilə birləşdirilməsini nəzərdə tutduğunu qeyd edir.
“Vestnik Kavkaza” Azərbaycanın Naxçıvana Ermənistan ərazisindən elektrik xətti çəkmək planını işıqlandıraraq, Bakının Zəngəzur dəhlizi ideyasını nəqliyyatdan daha geniş əməkdaşlıq formatına keçirdiyini qeyd edib.
NEWS.ru Azərbaycanın Naxçıvana elektrik enerjisinin çatdırılması üçün Ermənistan ərazisindən keçən xətt layihəsini ön plana çıxarıb. Agentlik xüsusilə Prezidentin Zəngəzur dəhlizi ideyasına əvvəlcə nəqliyyat layihəsi kimi baxıldığını, hazırda isə onun daha geniş istiqamətləri əhatə etdiyini vurğulamasına diqqət çəkib.
Region və digər beynəlxalq media
Müxtəlif ərəb və beynəlxalq media mənbələrini birləşdirən xəbər aqreqatoru “Nabd” xəbər platforması da Prezident İlham Əliyevin Naxçıvan vasitəsilə elektrik bağlantısı layihəsi barədə açıqlamasını yayıb. “Nabd” Prezident İlham Əliyevin Naxçıvanın enerji potensialı ilə bağlı fikirlərinə də diqqət çəkib. Platforma Naxçıvanda günəş enerjisi hesabına 500–1000 MVt həcmində istehsal imkanının olduğunu və bunun gələcəkdə elektrik enerjisinin xarici bazarlara, o cümlədən Avropaya ixracı üçün yeni imkanlar yarada biləcəyini qeyd edib.
Rusdilli “Ritmeurasia” Naxçıvanın gələcəkdə mühüm nəqliyyat qovşaqlarından birinə çevriləcəyi barədə Prezident İlham Əliyevin fikirlərini ön plana çıxarıb. Məqalədə Naxçıvanın Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra mühüm beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevrilə biləcəyindən yazılıb. Nəşr Prezident İlham Əliyevin sözlərinə istinadla qeyd edir ki, dəhliz üzrə gözlənilən illik yük dövriyyəsinin 15 milyon ton və daha çox olması Naxçıvanda iqtisadi canlanmaya, yeni iş yerlərinin açılmasına və biznes fəallığının artmasına səbəb olacaq. Materialda Avropa İttifaqının da marşrutun, xüsusilə Naxçıvan dəmir yolu seqmentinin inkişafında maraqlı olduğu vurğulanır.
“MEO.ru” isə Xəzərin dibi ilə elektrik kabelinin çəkilməsi və Azərbaycanın enerji ixracı imkanlarının genişləndirilməsi mövzusuna diqqət yetirib.
“RusCable” sənaye informasiya portalı da Naxçıvana elektrik ötürülməsi layihəsini işıqlandırıb.