2 61

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda aktivlərin idarə olunması üzrə dünyanın aparıcı şirkətlərindən biri olan “BlackRock”un baş icraçı direktoru Larri Fink və bu şirkətin tərkibinə daxil olan “Global Infrastructure Partners” şirkətinin təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, söhbət zamanı Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə “BlackRock” arasında mövcud əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin Azərbaycanda infrastruktur sahəsində potensial investisiya imkanları müzakirə olundu.

Dövlətimizin başçısının Davosa səfəri çərçivəsində Dövlət Neft Fondu ilə “BlackRock” və bu şirkətin tərkibinə daxil olan, qlobal infrastruktur investisiya idarəetmə şirkəti olan “Global Infrastructure Partners” (GIP) arasında uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun imzalanmasının əhəmiyyətinə toxunuldu. Sənəd mövcud əməkdaşlığın uzunmüddətli, strateji çərçivədə davam etdirilməsini, eləcə də beynəlxalq infrastruktur investisiya platforması çərçivəsində Azərbaycanda potensial investisiya imkanlarının araşdırılmasını nəzərdə tutur. Niyyət protokoluna əsasən, ARDNF-nin “GIP” tərəfindən idarə olunan infrastruktur fondlarına və birgə investisiya imkanlarına 3-4 il müddətində 1,5 milyard ABŞ dollarınadək kapital qoyuluşu imkanlarının nəzərdən keçirilməsi planlaşdırılır. Əməkdaşlıq çərçivəsində Azərbaycanda regional bulud və süni intellekt tələbatına xidmət edən məlumat mərkəzləri və infrastruktur üzrə potensial investisiya imkanlarının dəyərləndirilməsi, hava limanı infrastrukturu sahəsində “Global Infrastructure Partners”in əməliyyat və idarəetmə təcrübəsi nəzərə alınmaqla tərəfdaşlığın perspektivlərinin araşdırılması nəzərdə tutulur. Azərbaycanda və ya ölkəmizlə əlaqəli infrastruktur aktivlərinə dair investisiya imkanlarının dəyərləndirilməsi də əməkdaşlığın əsas istiqamətlərindəndir. Niyyət protokolu Dövlət Neft Fondunun qlobal investisiya ekosistemində mövqeyinin möhkəmləndirilməsinə, beynəlxalq tərəfdaşlarla əməkdaşlığın daha da genişləndirilməsinə və Azərbaycanın strateji əhəmiyyətli infrastruktur sahələrində uzunmüddətli investisiya imkanlarının formalaşdırılmasına töhfə verəcək.

Görüşün sonunda Azərbaycan Prezidentinin iştirakı ilə niyyət protokolunun mübadiləsi mərasimi oldu.

3 57 scaled 4 49 scaled 6966ac1e621d26966ac1e621d317683364146966ac1e621d06966ac1e621d1 15 scaled 6966ac1e647936966ac1e6479417683364146966ac1e647916966ac1e64792 5 scaled

Paylaş: