İncəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏDV) azad edilib.
Globalinfo.az bildirir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının kodları üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan incəsənət əsərlərinin, kolleksiya əşyalarının və əntiq əşyaların idxalı ƏDV-dən azad edilib.
X X X
Azərbaycana raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilib.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev Milli Məclisin fevralın 13-də qəbul etdiyi Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
İndiyə qədər qüvvədə olan qaydalara əsasən mühərriki, banı və şassisi orijinal vəziyyətdə olan və ya orijinal vəziyyətə gətirilmiş və zavod buraxılış tarixindən 40 ildən çox keçmiş avtonəqliyyat vasitələri raritet (nadir) avtonəqliyyat vasitələri hesab edilirdi.
Yenilənmiş qanunlara əsasən, raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi aşağıdakı şərtlər çərçivəsində tənzimlənəcəkdir:
idxalının müvafiq dövlət orqanının təsdiqedici sənədi əsasında həyata keçirilməsi;
idxal olunan raritet avtonəqliyyat vasitələrinin sayının şəxs tərəfindən təqvim ili ərzində 1 ədəddən (ölkə üzrə ümumilikdə 10 ədəddən) çox olmaması.
Raritet avtonəqliyyat vasitələrinin idxalının ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilməsi onların idxalçılarının xərclərinin azalmasına imkan yaradacaq.
X X X
Prezident İlham Əliyev Milli Məclisin fevralın 13-də qəbul etdiyi Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Globalinfo.az xəbər verir ki, yenilənmiş sənədlərə əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 min dolların manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınacaq. Bu maddədə qeyd olunan dövriyyəsi 10 min dolların manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçiriləcək.
Bundan başqa, məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilmir.
Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (bu Məcəllənin 19-cu maddəsində nəzərdə tutulan daimi nümayəndəliklər istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
X X X
Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda keçirilməsi ilə əlaqədar bəzi vergi güzəştləri tətbiq ediləcək.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Vergi Məcəlləsinə dəyişikliyi imzalayıb.
Belə ki, WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək, həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmaları tətbiq ediləcək.
Bu azadolmalara aşağıdakılar aiddir:
– WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);
– qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);
– qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);
– müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).
Bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.