Prezident İlham Əliyev 25 may 2026-cı il tarixli fərmanı ilə təsdiq edilmiş “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı”nda dəyişiklik edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, “Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi”nin (AZCON) idarəetməsində olan “Aztelekom” MMC-nin baş direktoru və “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri siyahıya daxil edilib.
X X X
Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydasında dəyişiklik edilib.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmanla dövlət nəzarəti sahəsində funksiyaları olan qurumlar siyahısına prokurorluq orqanı da əlavə edilib.
Belə ki, prokurorluq orqanı qanunla müəyyən edilmiş hallarda uşaqların hüquqlarını və qanuni mənafelərini məhkəmədə müdafiə edəcək, dövlət qurumlarına müraciət edəcək, məhkəmədə iddia qaldıracaq.
Həmçinin uşaqlarla bağlı cinayət işləri və inzibati xəta haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada qanunların icrasına nəzarəti həyata keçirəcək.
Bundan başqa, Ailə Məcəlləsinin 72.2-ci və 116-1.5-ci maddələrinin birinci cümlələrinə uyğun olaraq, uşağın sağlamlığının və ya həyatının birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına baxacaq və qanunda nəzərdə tutulmuş tədbirləri görəcək.
X X X
Prezident İlham Əliyev 22 iyun 2021-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi”ndə dəyişiklik edib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, “Avtomobil nəqliyyatı haqqında” qanunun tələbləri nəzərə alınmaqla, müvafiq ərazidə dayanacaq məntəqələri istisna olmaqla, avtomobil nəqliyyatının infrastruktur obyektlərinin yerləşdirilməsinə, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy vermək, eləcə də müvafiq ərazidə müntəzəm sərnişin daşımalarını yerinə yetirən avtomobil nəqliyyatı üçün dayanacaq məntəqələri yerlərinin müəyyən edilməsini, onların quraşdırılmasını, idarə olunmasını və saxlanılmasını təmin etmək İdarənin vəzifələrinə aid edilib.
X X X
Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair 2026–2030-cu illər üçün Milli Fəaliyyət Planı təsdiqlənib.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Sərəncamın imzalanmasında məqsəd insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət qurumlarının qarşılıqlı fəaliyyətində səmərəliliyin artırılması və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinin icrasının təmin edilməsidir.
Nazirlər Kabineti Sərəncamdan irəli gələn məsələləri həll etməli, Daxili İşlər Nazirliyi Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirməli, nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat verməlidir.
Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Daxili İşlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
X X X
İctimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumata baxılma müddəti artırılıb.
Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət-Prosessual Məcəlləsinə dəyişikliyi təsdiqləyib.
Məcəllənin 38-ci maddəsinə uyğun olaraq cinayət təqibinin həyata keçirilməsi üçün səbəb və əsasların olması qənaətinə gəldikdə və bu Məcəllənin 293-1-ci maddəsində nəzərdə tutulmuş hallar olmadıqda, yazılı məlumata və ya şifahi məlumatın qəbul edilməsi barədə protokola dərkənar qoymaqla məlumatın daxil olduğu vaxtdan 48 saatdan (hazırda 24 saat) gec olmayaraq cinayət təqibi üzrə məhkəməyədək sadələşdirilmiş icraat açılacaq.
Bundan başqa, artıq məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məlumatın təhqiqatçıya, müstəntiqə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora daxil olduğu vaxtdan 10 gün müddətində deyil, 30 gün müddətində aparılacaq.
Eyni zamanda Məcəllənin bəzi maddələrində “şikayət” sözü “məlumat” sözü ilə əvəz edilib. Bu bəzi hallarda məlumat verən şəxsin niyyətinin şikayət etmək deyil, sadəcə baş vermiş cinayət hadisəsi barədə səlahiyyətli orqanları məlumatlandırmaqdan ibarət ola bilməsi ilə əlaqədardır.
Eyni zamanda hüquqi şəxslər tərəfindən də cinayət hadisəsi barədə məlumat verilməsinin mümkünlüyü nəzərə alınaraq böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı məlumatda və ya şifahi məlumatın qəbul edilməsi barədə protokolda, həmçinin məhkəməyədək sadələşdirilmiş icraatın aparılması nəticələrinə dair yekun protokolda hüquqi şəxsin adı, olduğu yer və vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin göstərilməsi ilə bağlı müvafiq dəyişiklik nəzərdə tutulur.