serencam 1

Süni intellektlə qanunsuz materialların hazırlanıb yayılmasına qadağalar, cərimə və cəzalar təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Cinayət və Cinayət-Prosessual məcəllələrə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Media haqqında” qanunlara dəyişikliyi imzalayıb.

Sənədə əsasən, şəxsin razılığı olmadan onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə reallığı əks etdirməyən foto, video və ya audio materiallar hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yayma 3 min manatdan 7 min manatadək cərimə və ya 360 saatdan 480 saatadək ictimai işlər, habelə 3 ilədək azadlığın məhdudlaşdırılması, eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qanuna görə, eyni əməllər bir qrup şəxs və ya qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, iki və ya daha çox şəxsə qarşı törədildikdə, şəxsin şərəf və ləyaqətini ləkələmək və ya onu nüfuzdan salmaq məqsədilə törədildikdə, zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özü və ya yaxın qohumlarına qarşı törədildikdə – 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Bundan başqa, şəxsin razılığı olmadan, onun görüntüsündən və ya səsindən istifadə etməklə süni intellekt texnologiyaları, habelə xüsusi proqram təminatları vasitəsilə pornoqrafik və ya seksual məzmunlu foto, video və ya audio materialları hazırlama və ya həmin materialları mediada, kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında və ya informasiya-telekommunikasiya şəbəkələrində yaymanın 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Sənədə görə süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materiallar kütləvi nümayiş etdirildikdə belə texnologiyalardan istifadə edilməklə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla görünən nişanlanma ilə təmin edilməlidir.

X X X

Prezident İlham ƏliyevYol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, yeniləniş qanuna əsasən, bundan sonra İnzibati Xətalar Məcəlləsinin 346.1-ci, 346.2-ci, 346.4–346.9-cu, 346-1.1–346-1.4-cü və 346-1.6–346-1.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı hallarda tərtib edilmiş inzibati xəta haqqında qərarın surəti nəqliyyat vasitəsinin ön şüşəsinə qoyulmayacaq.

X X X

İcra məmurlarının hüquqlarına edilən dəyişikliklər təsdiqlənib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Prezident İlham ƏliyevDövlət icra məmurları haqqında” qanuna dəyişiklikləri imzalayıb.

Sənəddə qeyd olunub ki, icra məmurlarının hüquqları sırasındakı tələbi borclunun hesabında olan pul vəsaitlərinə yönəltmək hissəsi dəqiqləşdirilib.

Yeni redaktəyə görə, icra məmurları tələbi borclunun əmlakına, o cümlədən nağd, yaxud banklarda və ya digər kredit təşkilatlarındakı, elektron pul təşkilatlarındakı hesablarda və əmanətlərdə, habelə saxlancda olan pul vəsaitlərinə və başqa sərvətlərinə yönəldə biləcəklər.

Xatırladaq ki, əvvəlki qanuna əsasən, icra məmurları tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəldə bilirdilər.

X X X

Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Globalinfo.az xəbər verir ki, Prezident İlham Əliyev sazişin təsdiqi barədə Qanun imzalayıb.

Qeyd edək ki, saziş 2026-cı il fevralın 27-də Bakı şəhərində imzalanıb.

Paylaş: