Polkovnikdən şok anons: “Bu işlə bağlı çox səs-küylü həbslər olacaq”

“Tərtər işi” ilə bağlı məhkəmə prosesi davam edir. Bununla belə bir çox aktual sual cavabsız qalmaqdadır.

Maraqlıdır, “Tərtər işi” məhkəməsi necə yekunlaşacaq? İşgəncə proseslərində adları çəkilən generallar, digər yüksək rütbəli hərbçilər, müstəntiqlər həbs ediləcəkmi?

Bundan başqa, ölkənin insan haqları müdafiəçiləri məhkəmədə iştirak edirlər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib ki, hazırda “Tərtər işi” ilə bağlı bir neçə məhkəmə işi gedir:

“Bu prosesi praktik cəhətdən izləmək mümkün deyil. Çünki müxtəlif vaxtlarda müxtəlif tərkibdə məhkəmə iclasları keçirilir.

Çingiz Qənizadə

Ümumi məhkəmə prosesi ilə bağlı onu deyə bilərəm ki, vaxtilə qanunsuz həbs edilmiş, cinayət işi qaldırılmış, vətən xaini kimi adı ləkələnmiş, zorakılıq nəticəsində dünyasını dəyişmiş şəxslər barəsində Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən obyektiv addımlar atılır.

Onların çoxuna bəraət verilib. Ölmüş şəxslərin ailə üzvlərinə şəxsən bu bəraət sənədi təqdim edilir. Vətən xaini kimi ölmüş bir şəxsə prokurorluq tərəfindən adının təmizə çıxarılamsı ilə bağlı sənədin təqdim edilməsi qürurvericidir”.

Ç.Qənizadə deyib ki, məhkəmə prosesi hələ də davam edir:

“Zərərçəkən, təqsirləndirilən şəxslər, şahidlər dindirilir. Nəticədə nə qərar qəbul ediləcəksə, bu, ictimaiyyətlə və bizlərlə bölüşüləcək. Əsas məsələ budur ki, bu biabırçılığa son qoyulur və konkret işlər görülür”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, “Tərtər işi” hələ uzun illər Azərbaycan cəmiyyəti tərəfindən müzakirə ediləcək:

Üzeyir Cəfərov

“Bu məsələ ilə bağlı iş çox cüzi dərəcədə görülüb. Günahkarlar hələ cəzasa almayıb. Azərbaycan reallığında biz görmüşük ki, adlı-sanlı, yüksək rütbəli generallar illər sonra məsuliyyətə cəlb edilir. Bu baxımdan mən prosesin hələ uzun illər davam edəcəyini düşünürəm.

Tərtər cinayətini həyata keçirən prokuror və onun müavinləri, bütün müstəntiqlər, uydurma ittihamları irəli sürən hər kəs məsuliyyətə cəlb edilməlidir. Misal üçün, Binnət Məmmədov Tərtər Hərbi Prokurorluğundan gətirilərək Baş prokurorun müavini – hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin yanında yüksək vəzifəyə təyin edilib.

Azərbaycan dövləti adından qərar verən hakimlər məsuliyyətə cəlb olunmalıdır. Heç kəs düşünməsin ki, məsuliyyətdən yayınacaq. Bir gün tez, bir gün gec, bu baş verəcək.

Bu hadisə Azərbaycan Respublikası Silahlı Qüvvələrini, dövlətini alçaltmaq, döyüş ruhunu öldürmək üçün düşünülmüş xain addımdır. Bu düşüncənin ardında kimlərin olduğu da bəllidir. Bu məsələ ilə bağlı çox səs-küylü həbslər olacaq. Vəkil Orucov həbs edildi, iş bitdi düşünənlər yanılır. Orucovdan da yuxarıda neçə-neçə vəzifəli şəxslər var.

Bu gün “Tərtər işi” ilə bağlı böyük işlər görüldüyünü deyən insanlar var. Azərbaycan qanunlarına hörmət olunsa idi, günahı olan hər kəs eyni cür mühakimə edilərdi.

Turan Rzayev
Globalinfo.az