Polkovnik Şuşa ətrafındakı gizli yollardan danışdı, detalları açdı – İLK DƏFƏ

“Mən bir müddət öncə də demişdim ki, Xankəndidən Laçın istiqamətinə əsas yoldan əlavə daha 2 yol var. Bu yollardan biri Xankəndi-Xəlfəli-Turşsu yoludur”.

Bu sözləri Globalinfo.az-a Qarabağ qazisi, ehtiyatda olan polkovnik Azay Kərimov deyib.

O, martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistandan hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasının qarşısı alınarkən erməni tərəfi təxribata əl atması haqda saytımıza açıqlama verib.

Polkovnikin sözlərinə görə, Xankəndi-Xəlfəli-Turşsu yolu daş yoldur və rahat gediş-gəliş mümkündür:

“Mən bu yolun avtomobil yolu olduğunu deyəndə bir çox hərbi ekspert məni tənqid etdi ki, ora torpaq yoldur. Halbuki yol ilin istənilən vaxtı istifadəyə yararlıdır. Martın beşindəki insident də bunu bir daha təsdiq etdi.
Bundan başqa bir yol da var ki, bu məni çox narahat edir. Söhbət Qala dərəsindən keçən yoldan gedir. Hansı ki, həmin ərazidə ermənilər yaşayır. Bu yol azı iki əsrlikdir. Yolun əsası xan qızı Xurşidbanu Natəvan tərəfindən qoyulub.

Yol Şuşaya su çəkilmək məqsədilə açılıb və eni 4 metrdir. Həmin su kəməri saxsı qablar ilə çəkilib. Mən həmin yolda at çapmışam və ətraf əraziləri çox yaxşı tanıyıram.

Azay Kərimov

Bu, Şuşaya gedən gizli yoldur. Hansı ki, İsa bulağının yuxarısında yerin altına girir və Şuşadan çıxır. Şuşada Natəvan bulağı var. Bulağa su o yoldan gəlir. Mən bu yolu hər dəfə görəndə qorxuya düşürdüm.

Ümumiyyətlə, Şuşanın su və kanalizasiya sistemi Bakı və digər şəhərlərimizdəki kimi deyil. Şəhərin su və kanalizasiya sistemi o qədər böyük və genişdir ki, burada BMP də sürmək olar. Mən özüm o sistemin içərisində olmuşam və deyə bilərəm ki, 190 boyumla belə əlim tavana çatmırdı”.

Azay Kərimovun sözlərinə görə, Xankəndi-Xəlfəli-Turşsu yolunda baş verən insidentin təkrarlanmaması üçün başda Laçın dəhlizi olmaqla Qarabağın strateji məntəqələrində Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti təmin edilməlidir:

“Biz mütləq buna nail olub daha sonra strateji kəndlərə nəzarət etməliyik. Laçının Arduclu kəndi buna misal ola bilər. Buna görə də bu kəndlərə mütləq şəkildə nəzarət edilməlidir.

Xankəndinin 1 km-də Xəlifəli, sonra isə Şırlan kəndi yerləşir. Bu kəndlərə nəzarət isə o baxımdan vacibdir ki, 500 metrdən sonra Xankəndi-Şuşa-Laçın yoluna, yəni Şuşanın Turşsu qəsəbəsinin alt hissəsinə asfalt yola çıxmaq mümkündür. Biz mütləq bütün bu kəndlərin nəzarətini ələ keçirməliyik. Beləcə, Xankəndiyə heç bir qanunsuz silah-sursat daşına bilməyəcək”.

Turan Rzayev
Globalinfo.az