Politoloqdan Xankəndi-Şuşa yolu ilə bağlı MÜHÜM TƏKLİF

“Xankəndi-Şuşa yolunda etiraz aksiyasına baxmayaraq, Ermənistan və Rusiya geri addım atmır. Bu onu göstərir ki, Rusiya separatizmin inkişafında maraqlıdır və Azərbaycanın etnik ermənilər üzərində suverenliyinə imkan vermək istəmir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, sözügedən yolda daimi ekoloji post yaradılmalıdır:

“Rusiya sülhməramlı qüvvələrinin maşın karvanı yoxlanmalıdır, çünki bu maşınlarda silah-sursat daşınır. Sülhməramlı qüvvələrin Qarabağda ermənilərə təminat daşımaq kimi nə öhdəlikləri var, nə də vəzifəsi. Onların maşın kolonunun keçməsi əsaslı şübhələr yaradır. Azərbaycan tərəfi Xankəndi-Şuşa yolunda etiraz aksiyalarından geri çəkilməməli, ekoloji post təsis etməlidir.

Azərbaycanla Ermənistan arasında danışıqlarda pauza var. Vaşinqton sülh müqaviləsinin bağlanmasında maraqlıdır. Moskvanın mövqeyinə gəldikdə isə, V.Putinin vasitəçiliyi ilə bir neçə sənəd imzalansa da, prosesin dalanda qalması maraqlarına cavab verir.

Brüssel formatında isə Fransa pozuculuq edir. Təkcə ABŞ bu prosesi apara bilər. Həmçinin Türkiyə-Ermənistan əlaqələrinin normallaşması fonunda Ankara İrəvana təzyiq edə bilər.

2023-cü ilin may ayına kimi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması istiqamətində aparılan danışıqlarda müsbət irəliləyişlər olmayacaq. Türkiyədə cənab Ərdoğanın seçkilərdə qələbə qazanması ilə Azərbaycan və Ermənistan arasında sülh istiqamətində ciddi irəliləyişlər əldə olunacaq”.

Turan Rzayev
Globalinfo.az