Politoloq separatçıların son təxribatlarını tazının filə hürməsinə bənzətdi

Xəbər verdiyimiz kimi Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qarşı tərəfdən olan girişində iyulun 26-da Ermənistan tərəfindən müxtəlif nəqliyyat vasitələrinin toplanmasını təşkil etməklə nümayişkaranə şəkildə növbəti təxribat əməli planlaşdırılır.

Ermənistanın sülh çağrışları etdiyi bir zamanda belə bir addımın atılması diqqət çəkir. Həm Türkiyə, həm Azərbaycanla münasibətləri düzəltmək istəyən rəsmi İrəvanın atdığı bu və bu kimi addımlar gərginliyi artıra bilər.

Maraqlıdır, Qarabağdakı ermənilərlə mərkəzi hakimiyyət arasındakı bu ziddiyyət nələrə səbəb ola bilər?

Azərbaycan separatçıların bu addımlarına nə vaxta kimi dözümlü yanaşacaq? Xankəndidəki ermənilər bu rəftarları ilə rəsmi Bakını təxribata çəkmək istəyirlər?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Yeganə Hacıyeva deyib ki, “Laçın” dövlət sərhədindəki buraxılış məntəqəsində ehtimal təxribatlar təkcə ermənilərin özündən qaynaqlanmır:

Yeganə Hacıyeva

“Düzdür, bu o demək deyil ki, ermənilər təxribatlarda maraqlı deyil, ya da məsuliyyət daşımır. Lakin bununla belə unutmamalıyıq ki, bütün bu proseslərin pərdəarxasında kənar qüvvələr dayanır. Yəni bu və bu kimi addımlar ermənilərin özünün təkbaşına atacağı addım deyil.

Hazıra Ermənistanın havadarı olan qüvvələr Laçın mövzusunda həm manipulyasiya, həm də spekulyasiya etməyə, qlobal səviyyədə Azərbaycana qarşı blok yaratmağa çalışır. Bu istiqamətdə Qərbdə ciddi antikampaniya aparılır.

Misal üçün, Azərbaycan-Ermənistan şərti dövlət sərhədində baş verən təxribatlarda İran dronlarının da istifadə edilməsi rəsmi Tehranın proseslərə müdaxilə edən və İrəvanı dəstəkləyən ölkələrdən olduğunu göstərir. Bundan başqa Fransa da Ermənistana hərbi-texniki dəstək verir.

O ki qaldı Rusiyaya, rəsmi Moskvanın XİN səviyyəsində verdiyi son açıqlamalar da Kremlin prosesi öz qaydaları əsasında tənzimləmək istədiyini göstərir. Yəni Rusiya bir növ özünü nə isə edirmiş kimi göstərir”.
Y.Hacıyeva Xankəndidəki ermənilərin Bakını təxribata çəkməsi haqda danışıb:

“Azərbaycan Xankəndidə heç bir siyasi subyekt dövlətin varlığını tanımır. Bu mənada Bakının separatçılara səbirli yanaşacağını düşünmürəm. O ki qaldı separatçıların Azərbaycanı təxribata çəkməsinə, bu Kırlovun məşhur təmsilindəki tazının filə hürməsinə bənzəyir”.

Turan Rzayev
Globalinfo.az