plastik cerrah

Səhiyyə Nazirliyi plastik cərrahların rüşvət qarşılığında ixtisaslarının dəyişdirilməsi və onlara sertifikatların verilməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Globalinfo.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq deyilib ki, məsələ ilə bağlı Nazirlik hüquq-mühafizə orqanları ilə birgə araşdırmalar aparır.

“Sonda istintaq orqanı tərəfindən aparılan araşdırmaların nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, – Nazirlikdən bildirilib.

Qeyd edək ki, rüşvət qarşılığında ixtisasların dəyişdirilməsi və saxta sertifikatların verilməsində Səhiyyə Nazirliyinin bir neçə vəzifəli şəxsinin adı hallanır.

Globalinfo.az xatırladır ki, son vaxtlar saxta sertifikatlı həkimlərlə bağlı qalmaqallar yaşanır. ABŞ-da yaşayan jurnalist Qənirə Ataşova bu mövzuda bir neçə dəfə sosial şəbəkə hesabında paylaşım edib. Həmçinin mediaya açıqlama verib. Q.Ataşova bildirib ki, doktor-bloger Günel Əzizovanın barəsində araşdırma etdikdən sonra ona hücumlar olub. Məlum olub ki, G.Əzizova ixtisası olmadığı halda əməliyyatlar edir. Jurnalist bildirib ki, Günel Əzizova müğənni Xatirə İslamın bacısıdır. Müğənni bacısına görə Qənirə Ataşovaya zəng edib.

Digər bir qalmaqal isə plastik cərrah Ülviyyə İlyasova ətrafında baş verib. Onun pasiyentləri iddia edib ki, Ülviyyə İlyasova öz qaynı arvadını əməliyyat edərkən, qadın ölüb. Bundan sonra ictimaiyyət tələb etdi ki, saxta sertifat alıb, plastik və ginekoloji əməliyyatlar edən həkimlərlə bağlı araşdırmalar aparılsın. Yəqin ki, yaxın günlərdə bu araşdırmaların nəticəsi məlum olar.

Paylaş: