Ötən gün İran Prezidenti Məsud Pezeşkianın açıqlamasında səsləndirdiyi fikirlər maraqla qarşılanıb. Belə ki, o, İranın müharibəyə və nüvə silahı yaratmağa can atmadığını diqqətə çatdırıb. Səbəb kimi isə ölkənin doktrinasının bu cür silahların istifadəsini rədd etdiyini bildirib. İran prezidenti əlavə yoxlamalara etiraz etmədiyini deyib.
İrandan uzun müddətdir, nüvə silahı yaratmaq, hazırlıqlar görüldüyü barədə açıqlamalar gəlirdi. İndi belə yanaşma nə üçün sərgilənir? İran diqqətləri öz üzərindən atmaq istəyir, yoxsa həqiqətən bu addıma getməyəcək?
Globalinfo.az-a danışan politoloq Sahil Kərimli deyib ki, prezident Məsud Pezeşkian ölkə doktrinasına əsaslanaraq İranın nüvə silahına can atmaması istiqamətində açıqlamalar versə də, reallıq fərqlidir:
“İran və ABŞ, eləcə də müəyyən Qərb dairələri arasında uzun illərdir ki, soyuq müharibə davam edir. Bu da konkret olaraq tərəflərin bir-birilərinə qarşı düşmənçilik mövqeyindən qaynaqlanır. Donald Trampın hakimiyyətə gəlişi ilə İran və ABŞ arasında münasibətlərin daha da gərginləşəcəyi, hətta hərbi müstəviyə keçəcəyinə dair ehtimallar var. Çünki Tramp əvvəlki hakimiyyəti dövründə İrana qarşı açıq aqressiv siyasət həyata keçirirdi. Ehtimal olunur ki, Tramp növbəti 5 il ərzində də İranla münasibətləri daha da gərginləşdirməkdə maraqlıdır. O, bu istiqamətdə bir çox real addımlar atıb. İrana qarşı siyasətin sərtləşdirilməsi ilə bağlı müəyyən çağırışlar edib”.

Sahil Kərimli
Politoloqun sözlərinə görə, Pezeşkianın belə həssas dövrdə səsləndirdiyi bu kimi fikirlər manipulyasiya xarakteri daşıyır:
“İran Prezidenti göstərməyə çalışır ki, nüvə silahı ilə bağlı ABŞ-ın rəsmi Tehrana qarşı irəli sürdüyü ittihamların heç bir əsası yoxdur. Ona görə də bu tip açıqlamalar verərək, diqqəti İran üzərindən yayındırır. Reallıqda isə İranın nüvə sahəsində gizli fəaliyyəti ilə bağlı zaman-zaman açıqlamalar verilib. Ola bilər ki, İran proseslə əlaqədar araşdırmalarını və fəaliyyətini davam etdirir”.
Safura Bənnayeva
Globalinfo.az