Ermənistanı gözləyən “dəmir qollar əməliyyatı” – Qərarın sirri

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyan arasında Sankt-Peterburqda ikitərəfli təmaslar nəzərdə tutulmayıb. Görüşün keçirilməməsi ilə bağlı ümxtəlif versiyalar irəli sürülür.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Aqşin Kərimov deyib ki, Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı özünün vasitəçiliyi ilə üçtərəfli görüşə dəvət etməyə həvəslidir:

“Putin Kremlin siyasi mətbəxində hazırlanan sülh və təhlükəsizlik aspektləri ilə bağlı planını masaya gətirməyə çalışır. Nəzərə alsaq ki, son zamanlar Rusiya ilə Ermənistan arasında gərginlik yaşanır, onda Putinlə Paşinyanın ikitərəfli görüşünün neqativ atmosferi canlanır. Lakin Azərbaycanla Rusiya arasında gərginlik yoxdur, əksinə Bakı-Moskva əlaqələrinin səviyyəsi hər iki dövləti məmnun edir.

Üçtərəfli görüşə gəlincə, bu, Putinin təqdim edəcəyi reqlament və gündəliyə tərəflərin razı olmasından asılı idi. Görünür, Azərbaycan vasitəçisiz görüşə daha çox önəm verdiyini nümayiş etdirir.

Aqşin Kərimov

İkitərəfli və üçtərəfli görüşlər olmasa belə, kulislərdə qeyri-rəsmi, ayaqüstü danışıqlar mümkündür. Məkanın Rusiya olması Moskvaya öz vasitəçilik üstünlüyünü nümayiş etdirmək həvəsini verir.

Kreml çalışır ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesində geosiyasi alətlərini bərkitsin. Onun üçün Qərbin regiondakı maraqlarını minimallaşdırmaq prioritetdir. Moskva Qərbin Bakı-İrəvan gündəliyinə təsir edib regionda təmsilçilik qövsünü böyütməsini istəmir. Putin üçün Cənubi Qafqaz Rusiya maraqlarından ayrılmaz geosiyasi məkandır və burada Moskvanın rəqiblərinin oyun qurmaq planları qəbuledilməzdir.

Regionda alternativ təsir mexanizmlərinin formalaşdırılmasının əsas yollarından biri Azərbaycan-Ermənistan münasibətləri üzrə prioritetlər ərsəyə gətirməkdir. Amma Bakı yalnız səmərəli əməkdaşlığı ön planda tutur, Rusiya ilə Qərb arasında əhəmiyyətli geosiyasi balansı tarazlaşdırır. Ermənistanın isə işi dolaşıqdır, o, eyni anda iki stulda əyləşməyə cəhd edir ki, bu da Moskvanın aqressiyası ilə qarşılanır.

Paşinyanın Rusiyaya səfəri nəyisə köklü şəkildə dəyişmək iqtidarında deyil, hərçənd Kreml İrəvana bəzi yağlı vədlər verə bilər. Lakin Azərbaycan gələcəkdə istənilən danışıqlara güclü əllə gedir. Ermənistanın Azərbaycanın “dəmir qolları” arasından çıxıb, sülh gündəliyindən qaçmaq cəhdləri əbəsdir”.

Turan Rzayev
Globalinfo.az