Perudakı aksiyalarda ölənlərin sayı artır

Peruda ölkənin eks-Prezidenti Pedro Kastilyonun tərəfdarlarının keçirdiyi etiraz aksiyaları zamanı həlak olanların sayı 7-yə çatıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı “RPP” radiosu yayıb.

Məlumata görə, aksiyalar zamanı 119 polis əməkdaşı yaralanıb, daha bir neçəsi isə qaçırılıb.

Aksiyalar səbəbindən təhsil müəssisələrində əyani təhsil dayandırılıb, xəstəxanalarda isə təhlükəsizlik tədbirləri gücləndirilib.

Bununla yanaşı, aksiya iştirakçıları bir neçə telekanalın studiyasına hücum edib.

Qeyd edək ki, Peru Prezidenti Pedro Kastilyo dekabrın 7-si parlamenti buraxaraq ölkədə fövqəladə vəziyyət elan edib. Onun bəyanatından sonra parlament təcili toplaşaraq dövlət başçısına impiçment elan edib. Ölkə polisi və ordu da qanunverici orqanın tərəfini tutub. Daha sonra isə Kastilyo həbs edilib. Ardınca isə, ölkənin birinci vitse-prezidenti Dina Boluarte dövlət başçısı kimi and içib. Kastilyonun tərəfdarları etiraz aksiyası keçirərək Boluartenin istefasını və ölkədə seçkilərin təşkil edilməsini tələb edib. Boluartenin 2026-cı ilə qədər vəzifədə olması planlaşdırılsa da, o, etirazlar səbəbindən 2024-cü ildə növbədənkənar seçkilərin keçirilməsini təklif edib.