Pentaqondan Ukrayna ilə bağlı ikibaşlı açıqlama: Hərbi qələbə olmayacaq, lakin…

Pentaqon Ukraynanın müttəfiqlərinin Ukrayna ordusuna dəstək üzərində virtual olaraq əməkdaşlıq etmək məqsədilə çərşənbə günü yeddinci Ukrayna Müdafiə Əlaqə Qrupunun görüşünü keçirib. Bu arada isə ABŞ-ın baş generalı qışın siyasi danışıqlar üçün ideal zaman ola biləcəyini vurğulayıb. O həmçinin xəbərdarlıq edib ki, Çin Tayvanı güclə ələ keçirməyə çalışsa, “çox təhlükəli oyun” oynacaq.

Globalinfo.az-ın amerikaninsesi.org-a istinadən verdiyi xəbərə görə, Pentaqon bildirir ki, ABŞ və müttəfiqləri Ukraynanı Rusiyanın təcavüzünə qarşı lazım olduğu qədər dəstəkləməyə davam edəcəklər…

Bununla belə ABŞ-ın yüksək rütbəli generalı hər hansı tərəfin yaxın gələcəkdə hərbi qələbəsənin, demək olar, qeyri-mümkün olduğunu söyləyib.

“Rusiyanın Ukraynanı zəbt etmək və ələ keçirmək kimi strateji məqsədlərinə nail olma ehtimalı, bunun baş vermə ehtimalı sıfıra yaxındır. Amma onlar hazırda Ukraynanın 20 faizini işğal ediblər. Ukraynanın hərbi qələbəsinin, yəni rusları bütöv Ukraynadan, o cümlədən onların iddia etdiyi Krımdan qovma ehtimalı, bunun yaxın gələcəkdə baş vermə ehtimalı hərbi baxımdan çox yüksək deyil”, – Birgə Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Milli deyib.

Ancaq o, yaxın gələcəkdə sülh üçün siyasi həllin mümkün olduğunu bildirib.

“Güclü mövqedən danışıqlar aparmaq lazımdır. Rusiya indi yaxşı vəziyyətdə deyil. Rusiya ordusu çox itki verir,” o deyib.

Rusiya ordusu Moskvanın fevral ayında Ukraynaya hərbi müdaxiləsindən bəri əsgəri qüvvə və hərbi avadanlıq baxımından böyük itkilər verib.

“Onların istifadə etdikləri dəqiq idarə olunan sursatların sayı ifrat dərəcədə çoxdur. Ona görə də, onların inventarlarını yenidən münaqişəni başlatdıqları zamandan öncəki səviyyəyə çatdırmaları illərlə vaxt ala bilər,” – ABŞ-ın müdafiə naziri Lloyd Ostin deyib.

Sizcə ruslar illər boyu müqavimət göstərə bilərlərmi ki, siz onların yenidən tam təchiz olunmasının illərlə vaxt aparacağını deyirsiniz?

“Ukraynalıların onların müqavimət göstərmələrinə imkan verəcəklərini düşünmürəm. Məncə ukraynalılar onlara təzyiq göstərməyə davam edəcəklər. Yəni bu döyüş meydanındakı dinamika dəyişəcək, dəyişməyə davam edəcək,” – o bildirib.

Pentaqon həmçinin daha öncə ABŞ, NATO və Polşanın çərşənbə günü Polşada Ukrayna ilə sərhəddə iki nəfərin təsadüfi ölümünün səbəbinin böyük ehtimalla Ukraynanın hava hücumundan müdafiə raketinin olduğuna dair bəyanatlarını təkrarlayıb. Ukrayna prezidenti isə bu iddiaları təkzib edib.

“Bu, çox güman ki, Ukraynanın Hava Hücumundan Müdafiə raketinin nəticəsi idi, lakin biz istintaqın nəticələrini gözləyəcəyik,” nazir deyib.

Baş general həmçinin çərşənbə axşamı Çinə Tayvana hərbi müdaxilə etməmək barədə xəbərdarlıq edib və hər hansı hərbi müdaxiləni “çox çətin oyun” adlandırıb.

“Məncə çinlilər belə bir əməliyyat aparmaqla böyük risk almış olarlar. Və bu həm də, ağılsızlıq olar. Bu, siyasi, geosiyasi səhv , Putinin Ukraynada etdiyi strateji səhv kimi bir strateji səhv olar,” – Mark Milli deyib.

Milli Birləşmiş Ştatlar ordusunun dünyanın ən güclü ordusu olaraq qalacağını və bir nömrə olaraq qalmağa davam etdiyi təqdirdə, Çinlə Birləşmiş Ştatlar arasında hər hansı böyük güc müharibəsinin qarşısını alacağına söz verib.”