Pentaqon Bağdadla müzakirələrə başladı: 3 məsələ gündəmdə

“Yaxın günlərdə ABŞ-İraq Hərbi Ali Komissiyası İşçi Qrupunun iclaslarına başlayacaq. İki ölkə arasında Təhlükəsizlik Əməkdaşlığı üzrə birgə dialoqa start veriləcək və  regionda sabitliyi təşviq etmək üçün münasibətlərin dərinləşdirilməsinə sadiqlik nümayiş olunacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin sosial şəbəkə hesabında yazıb.

ABŞ Müdafiə Nazirliyinin  mətbuat xidmətinin məlumatına görə, əsas diqqət 3 məsələyə yönələcək: İŞİD tərəfindən yarana biləcək təhlükə, hərbi əməliyyat məsələləri və İraq təhlükəsizlik qüvvələrinin imkanları müzakirə mövzusu olacaq.

Ekspert işçi qrupları bu üç məsələ ətrafında geniş müzakirələr aparacaqlar. İŞİD-in bir daha heç vaxt baş qaldırmaması üçün hansı addımların atılmasının vacib olduğu araşdırılacaq.

Qeyd edək ki, ABŞ hərbi qulluqçuları İraq təhlükəsizlik qüvvələrinə İŞİD-ə qarşı mübarizədə məsləhət vermək, onlara kömək etmək və dəstəkləmək məqsədilə İraqdadır. Rəsmi Vaşinqton Birləşmiş Ştatların təhlükəsiz, sabit və suveren İraqa öz sadiqliyini bu cür ifadə etdiyini açıqlayır.

İraq hökumətinin ABŞ və Koalisiyanı İŞİD-ə qarşı mübarizə üçün ölkəyə dəvət etməsindən sonra tərəflər artıq 10 ildir ki, dərin və məhsuldar təhlükəsizlik tərəfdaşlığı qoruyub saxlayır.

Buna baxmayaraq bir müddət öncə “CNN” telekanalı tərəflərin Amerika qoşunlarının Yaxın Şərq ölkəsindən çıxarılması ilə bağlı danışıqlara başlayacağını açıqlamışdı.

Əliyar Xəlil,

Globalinfo.az