mais piriyev

“Hər il Dövlət Sosial Müdafiə Fondunun gəlirləri onun xərclərinə bərabər olaraq formalaşdırılır. Fondun büdcəsinin gəlir və xərcləri Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi göstəricilər əsasında tərtib edilir”.

Bu sözləri Globalinfo.az-ın sorğusuna cavab olaraq Maliyyə Nazirliyinin ictimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev deyib.

Onun sözlərinə görə, Dövlət Sosial Müdafiə Fondunun 2022-ci ilin büdcəsi 5 606,27 milyon manat təşkil etdiyi halda, 2023-cü ildə Fondun büdcəsi  6 263,97 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilə nisbətən 657,7 milyon manat və ya 11,7 faiz çoxdur.

“Hazırda Milli Məclisdə hökumət tərəfindən təqdim olunan dövlət büdcəsi, həmçinin DSMF-nin büdcə layihələri müzakirə olunur, bu isə həmin layihələrin məntiqi olaraq tərəfimizdən dəstəkləndiyi anlamına gəlir.

Pensiya məbləğləri mövcud pensiya qanunvericiliyinə əsasən əmək stajına və yığılmış pensiya kapitalına nəzərən təyin edilir və hər il indeksləşdirilir”, – deyə Mayis Piriyev qeyd edib.

Gülnar Səlimova

Globalinfo.az

Paylaş: