Paytaxtda yaşıllıq ərazilər artırılacaq

Bakıda təbii və açıq yaşıllıq ərazilərin əlavə olaraq 9 370 ha artırılması tələb olunur.

Globalinfo.az xəbər verir ki, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd edilib ki, bir qayda olaraq, layihə ərazisinin 10%-i açıq təbii və yaşıllıq ərazilər kimi nəzərdə tutulmalıdır. Yaşayış zonaları daxilindəki ictimai parklar və meşə-parklardan başqa, bu kateqoriyaya açıq sahil zonaları və ekoloji əhəmiyyətə malik təbii landşaft əraziləri də daxildir.

Hal-hazırda ictimai parklar (oyun meydançaları, idman, istirahət sahələri), meşə-parklar və yenidən əkilmiş ağaclıq əraziləri, qəbiristanlıqlar, turizm sahələri (ictimai çimərliklər) və mühafizə olunan təbiət əraziləri daxil olmaqla təbii və açıq yaşıllıq ərazilər təqribən 11 830 ha ərazini əhatə edir və bu ümumi layihə ərazisinin 5,56%-ni təşkil edir.

Baş plan çərçivəsində təbii və açıq yaşıllıq ərazilərin əlavə olaraq 9 370 ha artırılması tələb olunur.

Həmçinin Bakıda adambaşına 8 m2 yaşıllığın (şəhər səviyyəsində) təmin edilməsi planlaşdırılır.

Qeyd edilib ki, beynəlxalq meyarlara əsasən, yaşıllıqlarla təminat normaları adambaşına 5-15 m2 arasında dəyişir. Bu isə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 5 yanvar tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi Normaları” ilə uyğunluq təşkil edir.

Baş Plan çərçivəsində şəhərin yarımsəhra landşaft xüsusiyyəti və iqlim şəraiti, həmçinin güclü küləklər və suvarma üçün su ehtiyatlarının çatışmazlığı nəzərə alınmalıdır. Bu o deməkdir ki, şəhərdə əsas etibarı ilə kiçik və ya orta ölçülü yaşıllıqlar yaradılacaq. Olduqca geniş yaşıllıqlar şəhərin ətraf mühit şəraiti ilə uyğunluq təşkil etmir və bu səbəbdən istisna olunacaq.

Bakı şəhərinin Baş Planı kontekstində adambaşına 8 m2 yaşıllığın (şəhər səviyyəsində) təmin edilməsi məqsədəuyğundur və həyata keçirilməsi mümkün hədəf kimi görünür.