“Payız idi, bir neçə dostla əvvəlki iş yerindən ayrıldıq…” – Akif Aşırlıdan 27 illik “Şərq” hekayəsi

Bu gün “Şərq” qəzetinin yaranmasından 27 il ötür. Globalinfo.az bu münasibətlə “Şərq” qəzetinin təsisçi və baş redaktoru, əməkdar jurnalist Akif Aşırlı ilə söhbətləşib.

– Akif bəy, “Şərq” qəzeti 27 il ərzində hansı xüsusiyyətlərinə görə Şərq, hansı xüsusiyyətlərinə görə Qərb oldu?

– Biz Şərq adını ona görə götürdük ki, cəmiyyətdə 90-cı illərdə Qərb meyarları örnək götürülürdü və Qərb təsisatları daha çox öndə idi. Bu səbəbdən biz də qəzetin adını “Şərq” qoyduq. Şərq Qərbin əleyhinə deyil. Qərb dəyərlərinin çoxu elə Şərqdən götürülüb. Bunlar əsasən humanizm, prinsipiallıq, ədalətdir. Təbii ki, biz “Şərq” qəzetini yaradanda məqsədimiz cəmiyyətə başqa qəzetlərdən fərqli bir informasiya, xəbər çatdırmaq idi.

90-cı ilin ortalarında partiyalı qəzetlər daha çox idi. Partiyaların rolu, populyarlığı çox olduğundan öz mətbu platformalarını yaradırdılar. Payız günü idi, biz “7 Gün” qəzetindən ayrıldıq, bir neçə dost “Şərq”i təsis etdik və onu bu günə qədər gətirib çıxara bildik. Partiyalı qəzetlərdən fərqli olaraq biz müstəqil bir gəzetçilik siyasəti həyata keçirdik.

Çap mətbuatı sıradan çıxarılmalıdır" tezisi çox zərərlidir" - Akif Aşırlı

Partiyalardan, cəmiyyətin digər strukturlarından məsafəli davranmağı və obyektiv informasiyaları cəmiyyətə çatdırmağa çalışdıq. Bir sözlə, jurnalistikada müxtəlifliyi təqdim etməyə çalışdıq. Buna nə qədər nail olduq, deyə bilmərəm. Biz ilk anadilli qəzetimizin yaradıcısı Həsən bəy Zərdabidən örnək alaraq qəzetçiliyə başlamışıq. Qeyd edim ki, Həsən bəy də qəzet yaradarkən Qərb mətbuatının meyarlarını əsas götürmüşdü.

– Sizin üçün “Şərq” qəzetində yayımlanan ən xoş və ən təsirli xəbər hansı olub?

– Təbii ki, ən xoş xəbərlər işğaldakı torpaqların azad olunması ilə bağlı xəbərlər. Fəaliyyətimiz dönəmində çalışdıq ki, Azərbaycanın ərazi bütövlüyünü təqdim edə, səhifələrimizdə yaşada bilək. Ən sevindirici hal da məhz budur. Ağrılı məqamlarımız isə çoxdur… O məqamlara toxunsaq, çox faktlar sadalaya bilərik. Torpaqlarımızın zaman-zaman işğalı, Azərbaycana qarşı ədalətsiz münasibətlər, terror hərəkətləri, dövlət çevirilişlərinə cəhdlər, qonşularımız tərəfindən müstəqilliyimizə olan təhdidlər – Bütün bunların hamısında da media nümayəndəsi olaraq, media səngərində az-çox döyüşmüşük və həmin ağrıları hiss etmişik.

– Akif bəy, oxucularınıza sözünüz…

Mətbuatda peşəkarlıq və fədakarlıq örnəyi - "Şərq" qəzeti - 25

– Oxucularımıza sözüm bundan ibarətdir ki, artıq internet media sürətlə inkişaf edir, insanlar xəbərləri saytlardan, müxtəlif informasiya portallarından alırlar. Hər kəsin sosial media hesabı var, xəbərləri oradan da əldə edə bilirlər. Lakin media da cəmiyyətin ayrılmaz tərkib elementidir. Təbiətin biomüxtəliflik kimi bir qanunu var. Biomüxtəriflikdə tarazlıq pozulanda ziyanvericilər həmişə təbiətin flora və faunasına çox ciddi ziyan vururlar. Mediada da ekomühiti balanslı tutmaq üçün tarazlığı qoruyub saxlamağı bacarmalıyıq və cəmiyyət buna dəstək verməlidir.

Çap mətbuatının təsir imkanları daralır. Hətta bəzən qəzetçilik erasının geridə qaldığını deyirlər. Amma peşəkar qəzetçilik strukturunun zəifləməsi və qəzetlərin alıcılıq qabiliyyətinin aşağı olması mediada ekomühitə mənfi təsir göstərir. Təəssüf ki, payızda yağışdan sonra artan göbələklər olduğu kimi, ziyanvericilər də günü-gündən artır, nəticədə tarazlıq pozulur. Problemimiz budur. Buna görə də, ənənəvi mediaya (sayt da daxil olmaqla) dəstək verilməlidir. Ənənəvi mediaya dəstək verilməyəcəyi halda, peşəkarların getdikcə azalmasını görəcəyik.

Bu səbəbdən də oxuculara üz tutub xahiş edirəm ki, ənənəvi çap mətbuatını yaşatsınlar. Qəzetləri isə heç bir problemsiz köşklərdən əldə edə bilərlər.

Globalinfo.az olaraq “Şərq” qəzetini fəaliyyətə başlamasının 27-ci ili münasibəti ilə təbrik edirik. Akif Aşırlı başda olmaqla bütün kollektivə bol uğur, daha geniş oxucu auditoriyası arzulayırıq.

Zaira Akifqızı
Globalinfo.az